Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda əsas müzakirə mövzusu 2025-ci il dövlət büdcəsinin layihəsinə dair Hesablama Palatasının verdiyi Rəyin müzakirəsi olub.
Daylinews-az.com Hesablama Palatasından verilən məlumata əsasən, təqdim edilən Rəy dövlət büdcəsi layihəsinin mövcud qanunvericiliyə uyğunluğunu, dövlət büdcəsinin gəlir və xərclərinin əsaslandırılmasını, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyünü və layihənin əsas makroiqtisadi parametrlərlə və ölkənin strateji sənədləri ilə uyğunluğunu əks etdirir. Rəyin hazırlanmasında INTOSAI-P 1 – Lima Bəyannaməsinin pre-audit (yoxlama öncəsi) üzrə ikinci maddəsinin tələbləri əsas götürülüb və beynəlxalq təcrübədə istifadə edilən “Proqnoz maliyyə məlumatlarının yoxlanılması” standartına uyğun aparılıb.
İclas zamanı Rəyin bütün bölmələri üzrə əsas məsələlərə diqqət yetirilib, həmçinin aparılmış qiymətləndirmələrin nəticələri və verilən tövsiyələr üzrə müzakirələr aparılıb. Nəticədə, Rəy təsdiq edilərək Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsi barədə qərar qəbul edilib.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Uyğunluq Auditinin Nəticələri Müzakirə Edilib
İclasın gündəliyindəki digər məsələ Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dövlət vəsaitinin istifadəsi və idarə olunması üzrə uyğunluq auditinin nəticələri olub. Hesabat nəticələri göstərib ki, Agentliyin fəaliyyətində hüquqi bazanın qeyri-kafi tənzimlənməsi, gəlir və xərclərin təsdiqinə dair hüquqi aktın olmaması kimi məsələlər mövcuddur. Bundan əlavə, tabeliyində olmayan qurumlara vəsaitlərin xərclənməsi, sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsi və dövlət əmlakı barədə səlahiyyətsiz sərəncam verilməsi hallarına rast gəlinib. Tibbi sığorta fondlarından ayrılan vəsaitlə tikinti obyektlərinin maliyyələşdirilməsi və həmin aktivlərin digər qurumların balansına qanunsuz olaraq verilməsi də qeyd olunub.
Auditor hesabatında müəyyən olunmuş digər məsələlər sırasında tibbi-iqtisadi ekspertiza prosesində tələb olunan şərtlərə əməl edilməməsi, tələblərə uyğun olmayan şəxslərin işə götürülməsi və tibbi xidmətlər üçün artıq vəsaitin ödənilməsi yer alır. Bundan əlavə, donor saylarının artıq göstərilməsi ilə maliyyə vəsaitlərinin sui-istifadə edilməsi, tibb müəssisələrinə hesabat təqdim olunmadığı halda vəsaitlərin köçürülməsi kimi hallar müəyyən edilib. Eyni zamanda, tibbi məhsul və avadanlıqların, xidmətlərin əlavə dəyər vergisi və digər ödənişlər hesabına sığorta fondlarından maliyyələşdirilməsi, vergi öhdəliklərinin vaxtında icra edilməməsi, əməkdaşlara artıq ödənişlər edilməklə hüquq pozuntularına yol verilməsi halları da aşkar olunub.
Kollegiya müzakirəsinin yekununda maliyyə vəsaitlərinin yüksək məbləğlərlə qanunsuz istifadəsi ilə müşayiət olunan pozuntulara görə hüquqi məsuliyyət tədbirlərinin görülməsi və audit nəticələrinin müvafiq hüquq-mühafizə orqanlarına təqdim edilməsi qərarı qəbul olunub.