ABŞ Konqresinin Nümayəndələr Palatası transgenderlərin qadın məktəb idman komandalarında iştirakını qadağan edən qanun layihəsini təsdiqləyib.
Daylinews-Az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Sənədin lehinə 218 konqresmen səs verib, əleyhinə isə 206 nəfər çıxış edib. Yalnız iki demokratın respublikaçılarla birlikdə səs verdiyi bildirilir. Qanun layihəsi həmçinin transgender tələbələrin daxil olduğu qadın idman komandalarına malik məktəblərin federal maliyyələşməsini qadağan edir.
Məqalədə qeyd edilir ki, respublikaçılar bu qanun layihəsini idmançı qadınlar üçün bərabər imkanlar yaratmaq məqsədi kimi təqdim ediblər. Bununla yanaşı, demokratlar isə bu qanunun gənc qızların şəxsi həyatına müdaxilə edəcəyini bildiriblər. Onlar, həmçinin, qanun layihəsini transgender hüquqlarını məhdudlaşdırmaq cəhdlərinin növbəti nümunəsi adlandıraraq, bunun yerinə iş yerlərinin yaradılması və ya ərzaq qiymətlərinin azaldılması ilə bağlı qanunlar qəbul edilməsinin daha faydalı olacağını vurğulayıblar.
Sonda qeyd olunur ki, sənədin qüvvəyə minməsi üçün hələ də Senatda təsdiqlənməsi tələb olunur. Bunun üçün Konqresin yuxarı palatasında respublikaçılara daha yeddi demokratın dəstəyi lazım olacaq.