Bu gündən etibarən noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın turizm sahəsindəki dayanıqlılıq təcrübələri “Yaşıl Zona”da qurulmuş destinasiya stendində təqdim olunur.
Daylinews-az.com-in Dövlət Turizm Agentliyinə istinadən verdiyi xəbərə görə, 200 kvadrat metrlik bu stenddə xarici qonaqlara və media nümayəndələrinə Azərbaycanın turizm potensialını tanıdan interaktiv xəritə, promo videolar nümayiş etdirilir. Stenddə milli mətbəximiz, çay dəstgahı mədəniyyəti, şirniyyatlar, yerli şərablar və “Slow food travel” konsepsiyasına uyğun təqdimatlar, eləcə də dadım mərasimləri keçirilir.
Ziyarətçilər üçün xalçaçılıq, corab toxuma, yun əyirmə, keramika rəsmləri, təkəlduz və misgərlik kimi sənətkarlıq növləri də sərgilənir. Virtual reallıq (VR) vasitəsilə isə qonaqlar Xınalıq, Yanardağ, Atəşgah, İçərişəhər, Şəki Xan Sarayı, Göygöl kimi görməli yerlərə virtual səyahət edə bilirlər.
Təqdimat zonasında hər gün dağ yürüşü, quş müşahidəçiliyi kimi ekoturizm məhsulları və təbiət turizmi potensialını əks etdirən təqdimatlar təşkil olunur. Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş mədəni irs nümunələri də burada tanıdılır.
COP29 çərçivəsində 20 noyabrda keçiriləcək Turizm Nazirlərinin Yüksək Səviyyəli Görüşündə “Turizm Sahəsində Təkmilləşdirilmiş İqlim Fəaliyyəti məqsədilə Qlobal Əməkdaşlıq” təşəbbüsü üzrə panel müzakirələr və əlavə tədbirlər nəzərdə tutulub.
Eyni zamanda, Dövlət Turizm Agentliyi Abşeron və Altıağac Milli Parklarında turist xidmətlərinin keyfiyyətini artırmaq üçün istiqamətləndirici işarələr və məlumat lövhələri quraşdırıb, parklarda yüngül infrastruktur yerləşdirib. COP29 ziyarətçilərinə məlumat vermək məqsədilə şəhər üzrə nəqliyyat qovşaqlarında 5 mobil turizm informasiya mərkəzi fəaliyyətə başlayıb.
Bundan əlavə, sayları 8-ə çatan turizm informasiya mərkəzləri – Nizami küçəsində “Nərgiz” TM-nin arxası, Dənizkənarı Milli Parkda “Park Bulvar” TM-nin arxası, Albert Aqarunov küçəsi, “Koroğlu” metro stansiyası, Heydər Əliyev Sarayı, “Port Baku” TM-nin çıxışı, “Sea Breeze Resort” kompleksi və Hava Limanının Terminal 2-si – tədbir müddətində hər gün saat 10:00-dan 19:00-a qədər fəaliyyət göstərəcək.