ABŞ Prezidenti Co Bayden, oğlunu təqib etməyin ailə bağlarına görə olduğunu bildirib və Xanter Baydeni əfv edib.
Bu barədə Ağ Evin rəsmi bəyanatında məlumat verilib.
“Oğlum Xanteri əfv etmək barədə sərəncam imzaladım. Vəzifəyə başladığım gündən ədalət nazirliyinin qərarlarına qarışmayacağımı demişdim və bu sözümə sadiq qaldım. Lakin oğlumun seçmə və ədalətsiz məhkəmə təqibinə məruz qaldığını izləmək ağır idi,” deyə Bayden bildirib.
Əfv qərarı Xanter Baydenin cinayətlərinə görə məhkum edilməyəcəyini və onun həbsə göndərilmə ehtimalının istisna olunacağını göstərir.
“Ümid edirəm ki, amerikalılar bir ata və prezidentin niyə belə bir qərara gəldiyini başa düşərlər,” deyə Bayden əlavə edib.
Xatırladaq ki, Xanter Bayden 2017 və 2018-ci illərdə vergiləri ödəmədiyini etiraf etmişdi. KİV məlumatına görə, onun ümumi vergi borcu 1,2 milyon dollara çatmışdı. Xanter Baydenin nümayəndələri bu borcun ödənildiyini bildiriblər. Lakin daha sonra ABŞ Ədliyyə Nazirliyi ona qarşı əlavə ittihamlar irəli sürüb. İttihamlara görə, o, ən azı 1,4 milyon dollar vergi ödəməməkdə və yalan bəyannamələr təqdim etməkdə günahlandırılıb.