“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) baş vermiş zəlzələ ilə əlaqədar olaraq yol infrastrukturunun kompleks yoxlanışını həyata keçirir.
Bu barədə ADY-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, bu gün saat 10:45-də Biləsuvar rayonunda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinin texniki baxışına başlayıb.
“Mövcud yol infrastrukturuna, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətinə baxış keçirilir. Yol infrastrukturunun texniki diaqnostikası ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən azaldılıb,” – deyə qurumdan bildirilib.
İlkin məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Krizis Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, sentyabrın 5-də yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda, 54 km dərinlikdə, 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
FHN-in mətbuat xidmətinin məlumatında bildirilir ki, indiyədək zəlzələ nəticəsində hər hansı bir dağıntı və ya xəsarət alanlarla bağlı nazirliyə məlumat daxil olmayıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 10:45-də qeydə alınan yeraltı təkanların gücü 4,5 bal olub. Bildirilir ki, zəlzələ əhali tərəfindən hiss olunmayıb.