Cənubi Koreyanın hakim partiyasının lideri Han Don Hun istefa verdiyini açıqlayıb.
Daylinews-az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
“Partiyanın rəhbərliyindən istefa verirəm. Ölkə üçün ən yaxşı yolu tapmağa çalışdım, lakin sonda uğursuz oldum. Bu, tamamilə mənim günahımdır və buna görə çox üzr istəyirəm”, – deyə Han mətbuat konfransında çıxışı zamanı bildirib.
Han əlavə edib ki, partiyanın ali komitəsinin üzvünün istefasından sonra komitə fəaliyyətini dayandırdığı üçün o, artıq Xalq Hakimiyyəti Partiyasının lideri vəzifəsini davam etdirə bilmir. O, həmçinin hərbi vəziyyət səbəbindən əziyyət çəkənlərdən üzr istəyib.
Han Don Hunun istefası, onun 23 iyulda keçirilən qurultayda lider seçilməsindən 146 gün sonra baş verib.
Xatırladaq ki, dekabrın 14-də Cənubi Koreya parlamenti prezident Yun Sok Yola impiçment elan edib. Prezidentin vəzifəsindən kənarlaşdırılmasına 204 deputat səs verib, 85 nəfər isə əleyhinə çıxıb. Bundan əvvəl Han Don Hun prezidentə impiçment elan edilməsini dəstəklədiyini bildirmişdi.
Dekabrın 3-də prezident Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etmiş, bunu “şimali koreya tərəfdarı qüvvələrin məhv edilməsi və azad konstitusiya quruluşunun qorunması” ilə əsaslandırmışdı.
Bunun ardınca Seulda etiraz aksiyaları başlamış, vətəndaş fəallar paytaxta göndərilən əsgərlərlə qarşıdurmaya girmişdi. Bir neçə saat sonra hərbi vəziyyət ləğv edilmişdi.