3 C
Baku
Çərşənbə axşamı, Dekabr 24, 2024
Evİdman"Estoniyaya qalib gəlməliyik, bəhanə lazım deyil" - Yunis Hüseynov

“Estoniyaya qalib gəlməliyik, bəhanə lazım deyil” – Yunis Hüseynov

Futbol mütəxəssisi Yunis Hüseynov Azərbaycan millisinin UEFA Millətlər Liqasının 3-cü turunda Estoniya ilə qarşıdakı səfər oyunu ilə bağlı fikirlərini Daylinews-az.com-a açıqlayıb. O, bu oyunda millimizin qələbə qazanmasının vacibliyini vurğulayıb:

“Estoniya güc futboluna üstünlük verir. Bizə uyğun rəqibdir. Düşünürəm ki, biz onlara qalib gəlməliyik. Buna bəhanə də axtarmaq lazım deyil. Mütləq qələbə lazımdır ki, növbəti oyunlara da komanda yaxşı əhvalda çıxsın. Mən Estoniya ilə oyunda millimizdən 3 xal gözləyirəm. Bizim heyətimiz onlardan güclüdür deyə bir anlayış yoxdur. Lakin oyun baxımından, imkanlar baxımından deyirəm ki, qalib gəlməliyik.”

Hüseynov, həmçinin İsveçlə oyunu da xatırladıb və bildirib ki, şanslarımızı dəyərləndirsəydik, nəticə tam fərqli olardı:
“Məsələn, İsveçlə görüşün 4-cü dəqiqəsində millimizin vurduğu top qapıdan keçsəydi, nəticə tam fərqli olacaqdı. Hesabı açan komandada istək tam başqa olur, oyuna canlarını qoyurlar. Necə ki, İsveçlə əvvəlki oyunda 3 qol vurmuşduq, yenə bacarardıq. Bu, o demək deyil ki, bizim milli onlardan güclüdür. Əksinə, onlar bizdən hərtərəfli güclü idi.”

Estoniya millisinin performansı ilə bağlı düşüncələrini bölüşən mütəxəssis, onların Slovakiya ilə oyununun çox qol imkanları yaratdığını qeyd edib:
“Estoniya millisinin ilk oyununa baxmışam. Düzdür, Slovakiya 1 qolla onlara qalib gəldi. Amma slovakların həddən artıq qol imkanları oldu. Bununla belə, Estoniya da pis komanda deyil. Öz evlərində oynayacaqlar, çoxlu legionerləri var ki, yaxşı klublarda çıxış edirlər. Biz isə şərait baxımından onlardan üstünük. Şərait deyəndə maliyyə cəhətini deyirəm. Buna görə də onları meydanda da üstələməliyik.”

Milli komandamızın sabiq kapitanı Azərbaycan yığmasının Bakıda Slovakiya ilə keçirəcəyi oyunla bağlı da danışıb:
“Slovakiya ilə Bakıdakı oyun çox çətin olacaq. Amma məğlubedilməz komanda da deyillər. Millimizin xal qazanmaq şansı var.”

Yunis Hüseynov, həmçinin, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun “Mentalitet dəyişməlidir” açıqlamasına da münasibət bildirib. O, Santuşun bu fikri ilə razı olduğunu və millinin bəzi oyunçularının işə peşəkar yanaşmadığını qeyd edib:
“Bəli, psixologiya dəyişməlidir. Bizim futbolçularda peşəkarlıq o qədər də yüksək deyil. Bəzi futbolçularımız var ki, işinə peşəkar yanaşır. Amma çoxunda bu belə deyil. İşə yanaşma tam başqa cür olmalıdır. Klubla millini bir tutmaq olmaz. Milliyə gəldinsə, fikir tam dəyişməlidir. Ancaq özünü milli komandaya həsr etməlisən, başqa heç nə düşünməməlisən.”

O, bu problemin futbolçular arasında uzun müddətdir mövcud olduğunu vurğulayıb:
“Bizim dövrümüzdə də belə idi. Tam peşəkarlıq olmayıb. Məsələn, bir oyunda yaxşı çıxış etdinsə, eyforiya başlayır. Düşünürsən ki, məndən başqa futbolçu yoxdur. Bizdə bu hallar çoxdur. Çempionat oyunlarında da bunu görürəm. Həmişə milliyə düşən və düşə biləcək futbolçuların oyunlarını izləyirəm. Bir oyun yaxşı oynayanda növbəti görüşdə zəif təsir bağışlayır. Yəni mütləq eyforiyaya düşür. Futbolçular başa düşməlidir ki, qol vurmaq, seyv etmək onların işidir. Burada qeyri-adi bir şey yoxdur. Bunu bir dəfə etmisənsə, yenə təkrarlamalısan. Təəssüf ki, belə etmirlər. Bir oyun yaxşı çıxış edən kimi düşünürlər ki, bunlardan yoxdur.”

Yunis Hüseynov bu psixologiyanı dəyişməyin vacib olduğunu qeyd edərək, peşəkar yanaşmanın milli səviyyəsində çatışmadığını vurğulayıb:
“Peşəkarlıq baxımından bizdə axsamalar var. Bunu nəinki Santuş, hamı görür. Biz də görürük ki, peşəkarlıq baxımından ciddi problemlərimiz var.”

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər