Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə ifadə azadlığı və etirazların boğulmasını sərt şəkildə tənqid edən açıqlama ilə sosial şəbəkələrdə çıxış edib.
Daylinews-az xəbər verir ki, “X” sosial şəbəkəsində paylaşdığı mesajda Zurabişvili Tbilisi küçələrində baş verənləri “Rusiyanın marionet agentlərinin qəddar və məqsədyönlü hərəkətlərinin nəticəsi” kimi xarakterizə edib:
“Avropa və onun idealları Tbilisi küçələrində Rusiyanın marionet agentləri tərəfindən məhv edilir. Avropa, ayıl!” – deyə o, yazıb.
Prezident “Facebook” vasitəsilə etdiyi müraciətində xaricdə yaşayan həmvətənlərini Gürcüstanda söz azadlığı və demokratik dəyərləri dəstəkləmək üçün qəti mövqe tutmağa çağırıb.
Zurabişvili Gürcü diasporunu öz fikirlərini mətbuat, televiziya, səfirliklər və ya heç olmasa sosial şəbəkələr vasitəsilə bildirməyə səsləyib: “Öz ölkənizin gələcəyinə dəstək verin. Avropa gözəldir, amma onun dəyərləri yalnız sizin üçün olmamalıdır. Ləyaqətlə yaşamaq insanın özünə sadiq qalması deməkdir”, – deyə o əlavə edib.
Paylaşımın sonunda prezident artıq xaricdə etirazlara qoşulan və səfirliklər qarşısında öz mövqeyini ifadə edən insanlara təşəkkürünü bildirib.