ABŞ-ın keçmiş prezidentləri — 42-ci prezident Bill Klinton, 43-cü prezident Corc Buş və 44-cü prezident Barak Obama 20 yanvar tarixində Donald Trampın inauqurasiya şam yeməyində iştirak etməyəcək.
Daylinews-Azın NBC telekanalına istinadən verdiyi məlumata görə, Obama və Klinton artıq şam yeməyi üçün dəvət alıblar, lakin tədbirdə iştirak etməyi planlaşdırmırlar. Dəvət həmçinin keçmiş birinci xanım və sabiq dövlət katibi Hillari Klintona da göndərilib, lakin o da tədbirdən imtina edib. Corc Buşun nümayəndələri isə NBC-yə onun dəvət alıb-almadığını təsdiqləyə bilmədiklərini bildiriblər.
Buna baxmayaraq, hər üç keçmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak edəcək. Bu mərasim 20 yanvar, bazar ertəsi günü Vaşinqtonda keçiriləcək. Ənənəyə əsasən, yeni prezident and içdikdən sonra səlahiyyətlərini təhvil verən prezident Vaşinqtonu tərk edir. Yeni prezident isə öncəkisi ilə vidalaşdıqdan sonra Kapitoliyə qayıdır və burada 1953-cü ildə 34-cü prezident Duayt Eyzenhauer tərəfindən başlanan inauqurasiya şam yeməyi keçirilir.