Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur.
Daylinews-az xəbər verir ki, 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası başlayaraq 4 gün ərzində müzakirələr aparıb. Nəticədə, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Bu tarixi sənəddə göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsildən və 32 maddədən ibarət olub.
1991-ci ilin dekabrın 29-da keçirilən ümumxalq referendumunda Azərbaycan xalqı müstəqilliyə səs verib, əhalinin 95%-i müstəqillik və suverenliyə dəstək olub. 1992-ci ildə Milli Məclis tərəfindən Azərbaycanın Dövlət himni, üçrəngli bayraq və dövlət gerbi təsdiqlənib.
1992-ci ildən etibarən 18 oktyabr Azərbaycanda bayram günü kimi qeyd olunur. 2021-ci ildə qəbul edilən “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü kimi qeyd olunur.