22 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvSiyasətQələbəyə aparan unudulmaz yol - 27 Sentyabr

Qələbəyə aparan unudulmaz yol – 27 Sentyabr

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində imzaladığı Sərəncama əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Anım Günü təsis edilmişdir. Bu gün, milli ruhumuzun mübarizəyə səfərbər olduğu, milli həmrəyliyimizin ən yüksək səviyyədə nümayiş olunduğu və doğma torpaqlarımızın işğaldan azad olunması üçün hərbi-siyasi gücümüzün ortaya qoyulduğu bir şərəfli tarixdir.

27 Sentyabr, Vətən müharibəsinin başlandığı və tarixi Qələbəyə aparan yolun təməlini təşkil edən bir gündür. Məhz həmin tarixdə başlayan müharibə nəticəsində Azərbaycan Ordusu 27 sentyabrdan 9 noyabra qədər 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

44 günlük Vətən müharibəsi ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəkliyin azad edilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda əldə edilmiş böyük uğurlar idi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi və rayonun işğal altında olan 73 faizi, o cümlədən Ağdam şəhəri azad olundu.

Bu tarixi bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarıldı. Laçın şəhəri, Zabux və Sus kəndləri də 2022-ci il avqustun 26-da nəzarətə götürüldü. Bu rayonların sülh yolu ilə geri qaytarılması prosesi ölkəmizin strateji üstünlüyünü bir daha göstərdi.

Bu qələbə, Azərbaycanın öz coğrafiyası və tarixi üçün təhlükə yaradan bütün məkrli planları uğurla alt-üst etdiyini və 30 ildən artıq işğal altında olan torpaqlarımızın tarixi sahiblərinə qovuşduğunu göstərdi. Sovet dövründən qalmış “Dağlıq Qarabağ” adının artıq leksikondan çıxarılması ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidlərinin təsis edilməsi bu zəfərin simvolu oldu. Bu torpaqların geri alınması təkcə ərazi olaraq deyil, həm də qədim tarixi adları ilə geri qaytarılması ilə tarixdə mühüm yer tutdu.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımızda törətdiyi cinayətlər, dinc əhaliyə qarşı qeyri-insani hərəkətləri və dağıntıları hələ də müxtəlif tədqiqatlar mövzusu olaraq qalır. Ancaq bir şey bəllidir ki, ermənilərin törətdiyi bu cinayətlər sivil bir dünyaya yaraşan hərəkətlər deyil. Onların işğal olunmuş ərazilərdə törətdiyi vandallıq aktları, insanların həyatına və tarixi-mədəni abidələrimizə qarşı etdikləri vandalizm gələcək nəsillər üçün böyük bir dərs olacaq.

27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribat Vətən müharibəsinin alovlanmasına səbəb oldu. Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Bu hücum zamanı hərbi qulluqçular və 11 dinc sakin, o cümlədən iki uşaq həlak oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu düşmən təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı. Müzəffər Ordumuzun 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı uğurlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunmasına səbəb oldu.

Bu müharibə ərzində Azərbaycan xalqının birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın ümummilli həmrəyliyi və Ali Baş Komandanın qətiyyəti nəticəsində düşmən üzərində tam qələbə əldə edildi. Vətən müharibəsi, Prezident İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatı ilə tarixin səhifələrinə qızıl hərflərlə yazıldı. Bu müharibə Azərbaycan xalqının birlik və həmrəylik nümayişi, tarixi Zəfərimiz olaraq dünya tarixində əbədi yer aldı.

27 Sentyabrın Anım Günü olaraq qeyd edilməsi, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ehtiramın və onların ailələrinə xalqımızın minnətdarlığının bir ifadəsidir. Bu gün həm də tarixi Qələbənin simvoludur və Azərbaycanın gələcək nəsillərinə örnək olacaq bir hadisədir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər