Qızılca, respirator simptomlarla müşahidə olunan və bədəndə səpkilərlə təzahür edən yoluxucu infeksion xəstəlikdir. Bu xəstəlik yüksək hərarət, halsızlıq və hava-damcı yolu ilə yayılan xüsusiyyətləri ilə tanınır. Xəstəliyin əlamətləri adətən virusa yoluxduqdan 8-12 gün sonra meydana çıxır.
Xəstəliyin əsas xüsusiyyətləri:
- İnkubasiya dövrü: Orta müddəti 10-14 gün olsa da, 7-23 gün arası dəyişə bilər.
- Prodromal dövr: Xəstəliyin başlanğıc mərhələsi 2-4 gün davam edir. Bu mərhələdə qızdırma, burun axıntısı, konyuktivit, öskürək və ağız içində “Belski-Filatov-Koplik ləkələri” kimi əlamətlər müşahidə olunur.
- Səpkilər: Səpkilər adətən üz nahiyəsindən başlayır və mərhələli şəkildə gövdə və aşağı ətraflara yayılır. 4-7 gün ərzində davam edən səpkilərdən sonra qabıqlanma baş verir.
Əsas kliniki əlamətlər:
- Burun axıntısı
- Yüksək hərarət
- Halsızlıq
- Konyuktivit
- Quru öskürək
- Boğaz ağrısı
- Ağız içində ağ ləkələr (“Belski-Filatov-Koplik ləkələri”)
- Bədəndə eritematoz makulopapulyar səpkilər
Risk qrupları və ağırlaşmalar:
- 1-8 yaş arasında olan uşaqlar qızılcaya daha həssasdırlar.
- Peyvənd olunmayan uşaqlarda pnevmoniya, otit, ensefalit, larinqotraxeobronxit, ishal və stomatit kimi ağırlaşmalar yarana bilər.
- Ağır hallarda ensefalit, meningit və sətəlcəm müşahidə olunarsa, xəstə mütləq xəstəxanaya yerləşdirilməlidir.
Müalicə və qorunma yolları:
- Xüsusi müalicəsi yoxdur, immunitet gücləndirici tədbirlər həyata keçirilir.
- Qızılcaya məruz qalmış sağlam insanlara 72 saat ərzində peyvənd vurulması tövsiyə olunur.
- Ən effektiv qorunma üsulu peyvəndlənmədir.
Azərbaycanda tətbiq olunan vaksinlər: Səhiyyə Nazirliyinin təqdim etdiyi 3 komponentli “QPM” vaksini qızılca ilə yanaşı, parotit və məxmərək xəstəliklərinə qarşı da qoruma təmin edir.