4 dekabrdan etibarən Şimali Koreya ilə Rusiya arasında yeni strateji tərəfdaşlıq sazişi qüvvəyə minib. Daha əvvəl 2000-ci ildə imzalanmış “Dostluq və Yaxşı Qonşuluq Müqaviləsi” öz aktuallığını itirmişdir. Daylinews-az xəbər verir ki, yeni saziş “Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi” adı ilə əvəz olunub. Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin (MTA) məlumatına görə, bu saziş iki ölkə arasında təhlükəsizliyi gücləndirmək və qarşılıqlı inkişafı təmin etmək məqsədini daşıyır.
Moskva şəhərində ratifikasiya sənədlərinin mübadilə mərasimi keçirilib. Bu sənədləri Şimali Koreyanın diplomatı Kim Çon Gyu və Rusiyanın Xarici İşlər Nazirinin müavini Andrey Rudenko imzalayıb. Yeni saziş ilk olaraq 2024-cü ilin 19 iyun tarixində Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri zamanı təsdiqlənmişdi.
MTA bu müqavilənin əhəmiyyətini vurğulayıb: “Yeni Rusiya-Koreya münasibətləri iki xalqın rifahını artırmaqla yanaşı, beynəlxalq sabitliyə töhfə verəcək. Bu saziş hegemonluqdan və tabeçilikdən azad olan ədalətli çoxqütblü dünya nizamının yaradılmasına imkan yaradır.”
Yeni sənəd əməkdaşlığın müxtəlif sahələrini əhatə edir. Xüsusilə, ərzaq və enerji təhlükəsizliyi, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və elmi-texniki tərəqqi sahələrində qarşılıqlı fəaliyyət nəzərdə tutulur. Beynəlxalq terrorizm və digər qlobal təhdidlərlə mübarizə də xüsusi diqqət mərkəzindədir.
Rusiya Prezidenti Vladimir Putin bu sazişi 9 noyabr, Şimali Koreya lideri Kim Çen In isə 11 noyabr tarixində ratifikasiya edib. Artıq rəsmi olaraq qüvvəyə minmiş sənəd iki ölkə arasında qarşılıqlı münasibətlərdə yeni mərhələ açır.