Azərbaycanda təşkil olunan COP29 tədbiri ölkə tarixi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu mötəbər hadisə həm də iqlimlə bağlı regionda keçirilən ən böyük tədbirdir. “Azərbaycanın qlobal səviyyədə bu qədər əhəmiyyətli bir rolda çıxış etməsi çox sevindiricidir, bu, ölkəyə öz gücünü və imkanlarını bütün dünyaya göstərmək imkanı yaradır,” – deyə Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və beynəlxalq ekspert Metyu Brayza bildirib.
Azərbaycanın rolu və məqsədləri
Brayza vurğulayıb ki, Azərbaycan təkcə işğaldan azad edilmiş ərazilərin bərpası ilə deyil, həm də qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrə liderlik etməklə dünya səviyyəsində mühüm bir rol oynayır. Onun sözlərinə görə, COP29-da Azərbaycanın əsas məqsədi maliyyə müzakirələrinə rəhbərlik etməkdir. “Uzun müddətdir inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan dövlətlərə iqlim dəyişikliyinə qarşı tədbirlərdə dəstək üçün illik 100 milyard dollar ayırmağı öhdəliklərinə götürüblər, lakin bu nəticə uğurla tamamlanmayıb.”
Brayza əlavə edib ki, hazırkı iqlim dəyişikliklərinə qarşı mübarizədə, inkişaf etməkdə olan ölkələrə dəstək üçün artıq ildə bir trilyon dollardan çox vəsait tələb olunur. “Bu məbləğ ölkələrə bərpaolunan enerjiyə keçidi reallaşdırmağa və nəticələrin idarə olunmasında dəstək olacaq. COP29 çərçivəsində dövlətlərin bərpaolunan enerji istehsalını artırmaq istəklərinin müzakirə olunacağını düşünürəm, çünki qlobal iqtisadiyyatın yaşıl enerji üzərində qurulması əsas hədəflərdəndir.”
Azərbaycanın yaşıl enerji təşəbbüsləri
Beynəlxalq ekspert bildirib ki, Azərbaycanın yaşıl enerji ilə bağlı təşəbbüsləri xüsusi dəyərləndirilir. O qeyd edib ki, “Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonalarının bərpası və bu bölgələrdə bərpaolunan enerji mənbələrinə üstünlük verməsi gələcək üçün strateji əhəmiyyət daşıyır. Bu addımlar həmin əraziləri təmiz və yaşıl saxlamağa yönəlib.”
Brayza Azərbaycanın təbii qaz ixrac etməsi ilə bağlı beynəlxalq tənqidləri real hesab etmir: “Azərbaycan enerji ixracını genişləndirərək iqtisadi və regional inkişafını dəstəkləməyə davam edir və bu yanaşma, ölkənin həm bərpaolunan enerji, həm də təbii qaz mənbələrinə əsaslanan qarışıq bir enerji siyasəti həyata keçirməsini əks etdirir.”