2025-ci il üçün sosial paketlərin icrasına rəsmi olaraq start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin bu ay imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi haqqında” fərmana əsasən, bir sıra artımlar qüvvəyə minib. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov məlumat verib.
Azərbaycanın 3 milyon vətəndaşını əhatə edəcək sosial paketlərin əsas elementlərindən biri maaşların artırılmasıdır. Prezidentin fərmanına əsasən, ölkədə minimum aylıq əməkhaqqının məbləği 16% artaraq 345 manatdan 400 manata çatdırılıb. Bu artım yalnız aşağı maaş alanlara deyil, həm də vahid tarif cədvəli üzrə bütün maaş səviyyələrinə təsir edəcək. Dövlət sektorunda çalışanların aylıq tarif maaşları artırılacaq. Sosial sahə, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə çalışanlar bu artımlardan faydalanacaqlar.
Pensiyaların artırılması ilə bağlı hazırkı qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq indeksləşdirilir. Dəqiq faiz hələ açıqlanmasa da, artım yanvar ayından hesablanacaq. Orta aylıq əməkhaqqının artımı 8% olaraq qiymətləndirilir. Pensiya artımları ilə bağlı ödənişlər fevral ayında həyata keçiriləcək. Yanvar ayı üçün hesablanmış artımlar fevral pensiyalarına əlavə olunacaq. Minimum pensiya məbləği 280 manatdan 320 manata yüksələcək.
Prezidentin digər fərmanına əsasən, ehtiyac meyarı 285 manata artırılıb. Bu dəyişiklik, ünvanlı sosial yardım alan ailələr üçün dəstəyi artıracaq. Məsələn, bir ailənin gəliri 900 manat və ailə üzvlərinin sayı 5 nəfərdirsə, aylıq yardım məbləği 450 manatdan 525 manata yüksələcək.
Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflər hazırlanacaq və bu artımlar müvafiq qərardan sonra baş tutacaq.