Bələdiyyələr qəbul etdikləri qərarları elektron portala daxil edəcəklər.
“Daylinews-az.com”nun məlumatına görə, bu dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarına edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihəyə əsasən, bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qəbul etdikləri qərarları 3 iş günü ərzində elektron sənəd şəklində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun elektron portalına yerləşdirməlidirlər.
Qeyd etmək lazımdır ki, mövcud qanuna görə, bələdiyyələr qəbul etdikləri qərarların surətini 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
Səsverməyə çıxarılan qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Bununla yanaşı, bələdiyyə iclaslarının keçirilməsi ilə bağlı yeni prosedur qaydaları da tətbiq olunacaq.
Layihəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi zamanı və bələdiyyə iclaslarının birbaşa zalda keçirilməsi mümkün olmadığı hallarda, iclaslar videokonfrans vasitəsilə təşkil edilə bilər.
Qanun layihəsi üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Bundan əlavə, yeni seçilən bələdiyyənin ilk iclasında sədr seçilənədək yaşı ən çox olan üzv iclasa sədrlik edəcək.
Layihəyə əsasən, yeni bələdiyyə seçkilərinin nəticələri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən elan edildikdən sonra, bələdiyyənin ilk iclası 5 iş günü ərzində keçirilməlidir. İlk iclasda yaşı daha çox olan bələdiyyə üzvü iclasa sədrlik edəcək və bu müddət ərzində bələdiyyə sədri və katib seçilənədək iclası idarə edəcək.
Bələdiyyə sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Sədr seçilməsi üçün bələdiyyə üzvlərinin yarısından çoxunun səsini qazanmalıdır. Bələdiyyənin ilk iclasında sədr və katib seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.
Bu qanun layihəsi də üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.