Almaniyanın əsas müxalifət partiyası Xristian Demokrat İttifaqının (XDI) təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Roderix Kizevetter, kansler Olaf Şoltsun 23 fevralda keçiriləcək parlament seçkilərindən əvvəl Vladimir Putinlə görüşə hazırlaşdığına dair əlamətlər olduğunu bildirib.
Daylinews-Az xəbər verir ki, Kizevetter bu barədə sosial şəbəkə X-də paylaşım edib.
Müxalif siyasətçi qeyd edib ki, “seçki kampaniyasından sürprizlərə hazır olmaq lazımdır”.
“Şoltsun 23 fevraldan əvvəl Moskvaya səfər edəcəyi və ya Putinlə görüşəcəyi ehtimalı artır. Ukrayna üçün bu planların həyata keçirilməsi, o cümlədən, Paris Xartiyasının 10-20 il müddətinə dayandırılması deməkdir. Əsas olan Ukrayna xalqının və qonşularımızın buna necə reaksiya verəcəyi olacaq”, – deyə Kizevetter bildirib.
O, həmçinin, “hazırda mart ayında Tramp və Putin görüşünün planlaşdırıldığını” qeyd edib və “bu barədə hər kəs öz nəticəsini çıxara bilər” deyib.
Hazırda XDI seçki sorğularında öndə gedir. Partiyanın lideri Fridrix Mersin növbəti Almaniya kansleri olmaq şansının ən yüksək olduğu hesab edilir.