“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının (COP29) tədbirləri çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansı təsis ediləcək. Bu birgə platformaya daxil olacaq komandalar 15 noyabr axşamı Bakıya gələcək.
“Qarabağ”ın təşkilatçılığı ilə COP29 iqlim alyansı
Daylinews-az.com xəbər verir ki, “Qarabağ” Futbol Klubunun açıqlamasına görə, bu alyans BMT-nin İdman və İqlim Dəyişikliyi Departamentinin (UNFCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis ediləcək. Alyansa “Qarabağ”ın dəvəti ilə iştirak edəcək klublar arasında:
- “Liverpul” və “Tottenhem” (İngiltərə)
- “Atletiko” və “Betis” (İspaniya)
- “Fənərbaxça” və “Qalatasaray” (Türkiyə)
- “Udineze” (İtaliya)
- “Portu” (Portuqaliya)
- “Flamenqo” (Braziliya)
- “Malmö” (İsveç)
Bu klublar iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlılıq mövzularında beynəlxalq səviyyədə tanınan təcrübəyə malikdirlər. Xüsusilə “Liverpul” və “Udineze” dayanıqlılıq sahəsində dünya liderləri olaraq layihələrini digər klublarla paylaşacaq.
Alyansın məqsədləri və tədbirin keçirilməsi
Bu təşəbbüs çərçivəsində klublar, dayanıqlılıq üzrə həyata keçirdikləri unikal layihələr haqqında təqdimatlar edəcək və birgə əməkdaşlıq üçün sənədə imza atacaqlar. “Qarabağ” və ECA-nın dəvəti ilə gələcəkdə bu alyansa yeni klublar da qoşulacaq.
Alyansın yaradılması tədbiri 16 noyabr saat 14:00-da Mavi zonadakı “Nəsimi” zalında baş tutacaq. Tədbir Mavi zonada akkreditasiya olunmuş hər kəs üçün açıq olacaq.