Daylinews-az-ın beynəlxalq mənbələrə istinadən verdiyi məlumata görə, 8 dekabrda Suriya rejiminin devrilməsindən sonra ölkədə qanunsuz narkotik istehsal edən zavodlar aşkar edilməkdədir. Sonuncu belə müəssisə devrilmiş lider Bəşər Əsədin qardaşı Mahir Əsədə məxsus villada tapılıb.
“Anadolu” agentliyinin çəkdiyi görüntülərdə Dimes ərazisində yerləşən villada onlarla çəllək xammal və narkotik istehsalında istifadə olunan çoxsaylı avadanlıqlar görünür. Mənbələrin məlumatına görə, rejim bir çox mülki vətəndaşların villalarını müsadirə edib və onları qanunsuz narkotik istehsalı məqsədilə istifadə edib.
Agentliyin xəbərində qeyd edilir ki, narkotik ticarəti devrilmiş rejimin əsas gəlir mənbələrindən biri olub və milyardlarla gəlir gətirirdi. Mahir Əsədin başçılıq etdiyi narkotik şəbəkəsi Livanı tranzit nöqtəsi kimi istifadə edərək narkotikləri regionun digər ölkələrinə və beynəlxalq bazarlara çatdırırdı.