Oktyabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikası və Belçika Krallığının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası baş tutub.
Daylinews-az-ın məlumatına görə, görüşdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Belçika nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin ikitərəfli məsələlər üzrə baş direktoru Jeroen Kooreman rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan və Belçika arasında siyasi sahədə əməkdaşlıq müzakirə edilib, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb.
Həmçinin, iqtisadi əlaqələrin inkişafı məqsədilə ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat və yüksək texnologiyalar sahələrində əməkdaşlıq imkanlarından yararlanmanın vacibliyi qeyd olunub. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri də məsləhətləşmələrdə müzakirə mövzusu olub.
Xalqlararası təmasların genişləndirilməsi üçün mədəniyyət və təhsil sahələrində mübadilələrin artırılmasının səmərəliliyi vurğulanıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri və Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə hazırlıq da ətraflı müzakirə edilib.
Məsləhətləşmələr zamanı regional məsələlər də diqqət mərkəzində olub. Belçika tərəfinə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Azərbaycanın bölgədə sülhün bərqərar olunması istiqamətində atdığı addımlar haqqında məlumat verilib. Həmçinin, işğaldan azad edilmiş ərazilərdəki mina problemi və orada həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat təqdim olunub.
Tərəflər beynəlxalq gündəlik və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparıblar.