11 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSiyasətBiznes Mühiti və Beynəlxalq Reytinqlər Komissiyasının işçi qrupunun geniş iclası baş tutdu

Biznes Mühiti və Beynəlxalq Reytinqlər Komissiyasının işçi qrupunun geniş iclası baş tutdu

Biznes Mühiti və Beynəlxalq Reytinqlər Komissiyasının “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” mövzusunda işçi qrupunun növbəti genişmiqyaslı iclası keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Komissiyanın Katibliyinin əməkdaşları, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının nümayəndələri, eləcə də İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Mediasiya Şurası və digər aidiyyəti qurumlar, özəl sektorun təmsilçiləri iştirak ediblər.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri və Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək, işçi qrupun son illərdə uğurlu fəaliyyət göstərdiyini, 2024-cü il üçün nəzərdə tutulmuş Yol Xəritəsindəki əsas tədbirlərin əksəriyyətinin artıq icra edildiyini vurğulayıb. O, görülən işlərin biznes mühitinə müsbət təsir edəcəyini və özəl sektorun razılığını artıracağını bildirib.

İclasın davamında Ədliyyə nazirinin müavini, işçi qrupunun rəhbəri Toğrul Hüseynov, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, məhkəmə qərarlarının daha səmərəli və sürətli icrası üçün qanunvericilik dəyişiklikləri barədə məlumat verib. Həmçinin mediasiyanın rəqəmsallaşdırılması və məhkəmə statistikasının şəffaflığının artırılması istiqamətində tədbirlər görüldüyü qeyd edilib.

İşçi qrup və Mediasiya Şurasının birgə fəaliyyətinə toxunan Toğrul Hüseynov, mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində yeni addımların atıldığını bildirib. Vahid Məhkəmə Portalına əlavə edilmiş yeni funksionallıqlar sayəsində vətəndaşlar və hüquqi şəxslər portal vasitəsilə mediasiya təşkilatları və mediatorlar haqqında məlumat əldə edə, eyni zamanda elektron formada müraciət edə bilərlər. Həmçinin bütün mediasiya təşkilatları “gov.az” domeni ilə təmin olunub.

Tədbirdə mübahisələrin həlli və qəbul edilmiş qərarların icrasının vacibliyi vurğulanıb, bu istiqamətdə beynəlxalq səviyyədə tanınan Sinqapur Konvensiyasının müzakirələrinin davam etdiyi bildirilib.

Bundan başqa, arbitraj proseslərinin tənzimlənməsi sahəsində son yeniliklər və Vahid Məhkəmə Portalında tətbiq olunan yeni imkanlar təqdim edilib. Məhkəmə statistikasına dair məlumatlar, xüsusilə kommersiya işlərinin icra vəziyyəti və baxılma müddətləri kimi məlumatlar məhkəmə sistemi ilə bağlı statistika bölməsinə əlavə olunub.

Ədliyyə Nazirliyi icra sahəsində açıqlığın təmin edilməsi üçün icra sənədlərinin orta müddəti və xərcləri kimi məlumatların rəsmi internet səhifəsində yerləşdirildiyini də açıqlayıb.

İclasda, həmçinin elektron məhkəmə sistemi və onun hazırkı vəziyyəti, istifadəçi məmnuniyyəti və gələcək planlar müzakirə olunub. 2024-cü il üzrə Yol Xəritəsi çərçivəsində bir sıra mühüm layihələrin artıq hazırlandığı və Komissiyaya təqdim olunduğu bildirilib.

İclas iştirakçıların çıxışları və işçi qrupunun fəaliyyəti ilə bağlı müzakirələrlə yekunlaşıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər