Şuşada “Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forum keçirilib
Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin maliyyə kəşfiyyatı qurumlarının nümayəndələrinin iştirakı ilə “Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda genişmiqyaslı beynəlxalq forum keçirilib. Tədbir maliyyə kəşfiyyatı sahəsində müasir texnologiyaların tətbiqinin əhəmiyyətini və ölkələrarası əməkdaşlığın vacibliyini müzakirə etməyə yönəlmişdir.
Daylinews-az.com xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatının baş katibinin müavini, təşkilatın üzv və müşahidəçi dövlətlərinin maliyyə monitorinqi orqanlarının rəhbərləri və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər. Forum üçün Azərbaycana gələn qonaqlar ilk olaraq Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli alim Zərifə Əliyevanın məzarlarını ziyarət edərək xatirələrini yad ediblər.
Forumun keçirilməsi türk xalqları arasında mövcud tarixi, mədəni və iqtisadi əlaqələrin inkişaf etdirilməsi, xüsusilə maliyyə kəşfiyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır. Bu məqsədlə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə birgə fəaliyyət müzakirə olundu. Tədbir həm də Maliyyə Monitorinqi Xidmətinin (MMX) 15 illik yubileyinə həsr olunmuşdur.
Forum çərçivəsində panel müzakirələr keçirilib və maliyyə kəşfiyyatı orqanları arasında qabaqcıl texnologiyaların tətbiqi və təcrübə mübadiləsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək, türk dövlətlərinin başçılarının əlaqələrin möhkəmləndirilməsi istiqamətində təşəbbüslərinin əhəmiyyətini vurğuladı. O, forumun azad edilmiş Şuşa şəhərində keçirilməsinin xüsusi mənəvi və tarixi əhəmiyyətini qeyd edib.
Türk Dövlətləri Təşkilatının nümayəndəsi Ömər Kocaman türk dövlətləri arasında mövcud dərin tarixi və sosial əlaqələri vurğulayaraq, maliyyə cinayətlərinə qarşı birgə mübarizənin vacibliyini bildirdi.
Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə çıxışında maliyyə kəşfiyyatı və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə Azərbaycanın atdığı addımlar barədə məlumat verdi. O qeyd etdi ki, maliyyə cinayətlərinə qarşı türk dövlətlərinin birgə fəaliyyət göstərməsi bu sahədə uğurlu nəticələrə gətirib çıxara bilər. Forum çərçivəsində maliyyə kəşfiyyatında tərəfdaşlığa dair xüsusi videoçarx nümayiş etdirilib.
Forumda iştirak edən maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri təmsil etdikləri ölkələrin cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə təcrübələrini bölüşdülər.
Tədbir zamanı maliyyə kəşfiyyatında qabaqcıl texnologiyalar və süni zəka əsasında işləyən Şübhəli Əməliyyatların Monitorinqi Sistemi (ŞƏMS) təqdim edildi. Bu sistemin əsas funksiyaları 17 moduldan ibarətdir və müasir texnologiyalarla tam inteqrasiya olunmuşdur. Yeni sistem həm də digər dövlət qurumları ilə məlumat mübadiləsi imkanları yaradır və maliyyə cinayətlərinə qarşı mübarizədə daha effektiv üsullar təklif edir.
Məlumat bazalarının tamlığının təmin edilməsi üçün çarpaz yoxlama və risklərin idarə olunması sistemi də təqdim olunmuşdur. Proqram təminatında ölkənin spesifikliyinə uyğun olaraq təkmilləşdirmələr edilə bilər ki, bu da ölkəyə uyğun maliyyə kəşfiyyatı tətbiqlərinin optimallaşdırılmasını mümkün edir.
Forumun yekununda “Davamlı əməkdaşlığın gələcəyi” mövzusunda geniş müzakirələr aparılıb və türk dövlətlərinin maliyyə kəşfiyyatı qurumları “Şuşa Təşəbbüsü” adlı əməkdaşlıq sənədini yekdilliklə qəbul ediblər. “Şuşa Təşəbbüsü” maliyyə cinayətlərinə qarşı mübarizədə ortaq əməkdaşlıq və informasiya mübadiləsi sahəsində yeni bir mərhələ açacaq.