EvİqtisadiyyatOnlayn kreditləşmədə yeni qaydalar təsdiqləndi: Vətəndaşların müdafiəsi gücləndirilir

Onlayn kreditləşmədə yeni qaydalar təsdiqləndi: Vətəndaşların müdafiəsi gücləndirilir

Azərbaycanda onlayn istehlak kreditlərinin verilməsi qaydaları dəyişir. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımovun təsdiqlədiyi yeni tələblər məsafədən kreditləşmədə təhlükəsizliyi artırmağa, kiberdələduzluq hallarının qarşısını almağa və vətəndaşların hüquqlarını daha etibarlı şəkildə qorumağa yönəlib.

Qaydalar 2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcək və bu tarixədək banklar, eləcə də bank olmayan kredit təşkilatları informasiya sistemlərini yeni tələblərə uyğunlaşdırmalıdırlar.

Yeni mexanizmlər necə işləyəcək?

Yenilənmiş qaydalara əsasən, vətəndaşlar istədikləri halda öz adlarına məsafədən kredit rəsmiləşdirilməsini və ya onlayn kredit limitinin artırılmasını məhdudlaşdıra biləcəklər. Bu məhdudiyyət həm kredit təşkilatlarının daxili sistemlərində, həm də kredit tarixçəsi bazasında qeydiyyata alınacaq.

Məhdudiyyətin ləğvi isə yalnız şəxsən yazılı müraciət və ya gücləndirilmiş elektron identifikasiya vasitəsilə mümkün olacaq. Kredit təşkilatları hər bir onlayn müraciətdən əvvəl bu məlumatı yoxlamağa borclu olacaqlar.

Digər mühüm yenilik kredit vəsaitinin dərhal təqdim edilməməsidir. Bunun məqsədi şübhəli əməliyyatların vaxtında aşkarlanmasına imkan yaratmaqdır.

Yeni qaydalara görə:

  • Minimum əməkhaqqının iki mislinədək olan kreditlər üzrə vəsait müqavilə bağlandıqdan 2 saat sonra təqdim ediləcək
  • Daha yüksək məbləğli kreditlər üzrə vəsait müştərinin istifadəsinə 24 saat sonra veriləcək

Qaydalar kredit təşkilatlarının məsuliyyətini də artırır. Əgər vətəndaş öz adına onlayn kredit verilməsinə əvvəlcədən qadağa qoymasına baxmayaraq sistem nasazlığı və ya digər səbəbdən onun adına kredit rəsmiləşdirilərsə, həmin kredit üzrə öhdəlik müştərinin üzərinə qoyulmayacaq. Belə hallarda məsuliyyət tam şəkildə kredit təşkilatının üzərində qalacaq.

İqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, son dövrlərdə onlayn kredit fırıldaqçılığı ilə bağlı müraciətlər nəzərəçarpacaq dərəcədə artıb. Onun fikrincə, bir çox vətəndaş bankdan gələn təsdiq kodunun əslində kredit rəsmiləşdirilməsi üçün də istifadə oluna biləcəyini bilmir və bu da kiberdələduzların işini asanlaşdırır.

Ekspert hesab edir ki, yeni tələblər həm maliyyə qurumlarının təhlükəsizlik sistemlərini gücləndirəcək, həm də vətəndaşların maliyyə savadlılığının artırılmasına töhfə verəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər