Brüsseldə yerləşən NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Tədbirdə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, tərəfdaşlıqlar üzrə baş katibin köməkçisinin müavini Kevin Hamilton, Alyansa üzv və tərəfdaş ölkələrin səfirləri, hərbi nümayəndələri, Beynəlxalq Katibliyin rəsmiləri və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan ilə NATO arasında üç onillikdən artıq davam edən tərəfdaşlığın əhəmiyyətini bir daha ön plana çıxarıb.
Azərbaycan–NATO əməkdaşlığına diqqət çəkildi
Rəsmi qəbulda çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə bildirib ki, Silahlı Qüvvələr Günü hərbi qulluqçuların xidmətinə ehtiramın ifadəsi olmaqla yanaşı, dövlət müstəqilliyi, suverenlik və milli təhlükəsizliyin əhəmiyyətini də nümayiş etdirir.
O vurğulayıb ki, güclü ordu Azərbaycanın müstəqilliyinin qorunmasının əsas dayaqlarından biridir. Diplomat həmçinin qeyd edib ki, müasir Azərbaycan Ordusunun inkişafında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi hərbi quruculuq strategiyası Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Regional təhlükəsizlik və tərəfdaşlıq məsələləri müzakirə olundu
Cəfər Hüseynzadə çıxışında Azərbaycanın məqsədinin yalnız ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi ilə məhdudlaşmadığını, eyni zamanda Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsinə yönəldiyini bildirib.
O, Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan irəliləyişləri müsbət qiymətləndirərək, ölkənin NATO-nun Kosovo və Əfqanıstandakı missiyalarına verdiyi töhfələri, eləcə də Avropanın enerji təhlükəsizliyi və Avrasiya nəqliyyat əlaqələrinin inkişafındakı rolunu xüsusi vurğulayıb. Qeyd olunub ki, Azərbaycan ilə NATO arasında əməkdaşlıq qarşılıqlı hörmət və ortaq maraqlar prinsipi əsasında inkişaf etməyə davam edir.








