Son illərdə qlütensiz məhsullara maraq əhəmiyyətli dərəcədə artsa da, mütəxəssislər bildirirlər ki, qlüteni rasiondan çıxarmaq hər kəs üçün zəruri deyil. Əksər sağlam insanlar üçün tərkibində qlüten olan məhsullar təhlükə yaratmır. Lakin çölyak xəstəliyi, buğda allergiyası və ya qeyri-çölyak qlüten həssaslığı olan şəxslərdə bu zülal müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Qlüten nədir və kimlər üçün təhlükəlidir?
Qlüten buğda, arpa, çovdar və bəzi digər dənli bitkilərdə olan zülallar qrupudur. O, çörək və digər un məmulatlarının elastikliyini təmin edir, həmçinin bir sıra qida məhsullarında qatılaşdırıcı kimi istifadə olunur.
Həkimlərin sözlərinə görə, qlüten yalnız müəyyən xəstəlikləri olan insanlar üçün risk daşıyır. Bunlardan biri çölyak xəstəliyidir. Bu autoimmun xəstəlik zamanı qlüten qəbul edildikdə immun sistemi nazik bağırsağın selikli qişasına zərər verir və qida maddələrinin mənimsənilməsi pozulur. Bundan başqa, bəzi insanlarda qeyri-çölyak qlüten həssaslığı müşahidə olunur.
Bu zaman bağırsaqda çölyak xəstəliyinə xas zədələnmə olmasa da, oxşar narahatlıqlar yarana bilər. Ayrı bir vəziyyət isə buğda allergiyasıdır ki, burada immun sisteminin reaksiyası məhz buğda zülallarına qarşı inkişaf edir.
Hansı əlamətlər qlüten həssaslığından xəbər verə bilər?
Qlütenə qarşı həssaslıq və ya çölyak xəstəliyi olan insanlarda əlamətlər adətən qlüten tərkibli qidaların qəbulundan sonra meydana çıxır. Ən çox rast gəlinən simptomlar bunlardır:
- qarın ağrısı
- köp və şişkinlik
- həzm pozğunluğu
- ishal və ya qəbizlik
- ürəkbulanma
Çölyak xəstəliyində isə əlavə olaraq aşağıdakı əlamətlər də müşahidə oluna bilər:
- daimi yorğunluq
- səbəbsiz çəki itkisi
- dəri səpgiləri və qaşınma
- qanazlığı və vitamin çatışmazlığı
- periferik neyropatiya
- koordinasiya və tarazlıq problemləri
Mütəxəssislər vurğulayırlar ki, qlüten qəbulundan sonra davamlı həzm problemləri yaranırsa, özbaşına qlütensiz pəhrizə başlamaq düzgün deyil. İlk növbədə həkimə müraciət edilməli, qan analizləri və zərurət olduqda digər müayinələr aparılmalıdır. Qeyd olunur ki, çölyak xəstəliyinin dəqiq diaqnozu üçün testlər qlüten rasiondan çıxarılmamışdan əvvəl aparılmalıdır.





