Atlanta şəhərində keçirilən oyunda İngiltərə millisi DR Konqo ilə gözlənildiyindən daha çətin qarşılaşma yaşayıb. Afrika təmsilçisi Kimpenqanın erkən qolu sayəsində artıq 7-ci dəqiqədə hesabı açaraq favorit komandanı təzyiq altına salıb.
Uzun müddət hesabı bərabərləşdirə bilməyən ingilisləri Harri Keyn xilas edib. Təcrübəli hücumçu əvvəlcə 74-cü dəqiqədə tarazlığı bərpa edib, daha sonra isə 86-cı dəqiqədə vurduğu qolla komandasına 2:1 hesablı qələbə qazandırıb. İngiltərə 1/8 finalda Meksika ilə qarşılaşacaq.
ABŞ azlıqda qalsa da üstünlüyünü qorudu

Santa Klarada keçirilən görüşdə ABŞ millisi Bosniya və Herseqovinanı 2:0 hesabı ilə məğlub edib. Hesabı ilk hissənin sonlarında Folarin Baloqun açıb. Lakin hücumçu 64-cü dəqiqədə qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.
Bir nəfər az qalmasına baxmayaraq, Maurisio Poçettinonun komandası oyuna nəzarəti itirməyib. Malik Tillman 82-ci dəqiqədə cərimə zərbəsindən möhtəşəm qol vuraraq ABŞ-ın qələbəsini rəsmiləşdirib. Amerikalılar növbəti mərhələdə Belçika ilə qarşılaşacaqlar.
ABŞ – Bosniya və Herseqovina – 2:0
Belçika inanılmaz kambeklə mərhələ adladı

Sietldə keçirilən Belçika – Seneqal matçı turnirin ən dramatik oyunlarından biri olub. Seneqal Habib Diarra və İsmayıl Sarrın qolları sayəsində ikinci hissənin ortalarınadək 2:0 hesabı ilə üstün idi.
Lakin Belçika son dəqiqələrdə geri dönüş etməyi bacardı. Romelu Lukaku 86-cı, Yuri Tilemans isə 89-cu dəqiqədə fərqlənərək oyunu əlavə vaxta daşıdı. Qarşılaşmanın 120+1-ci dəqiqəsində VAR baxışından sonra belçikalıların lehinə penalti təyin edildi. Topun arxasına keçən Tilemans 120+5-ci dəqiqədə dəqiq zərbə ilə dublunu rəsmiləşdirdi və komandasını 3:2 hesablı qələbə ilə 1/8 finala çıxardı.





