EvMədəniyyətBakıda Yaxın Şərq türkmən irsinə həsr olunan beynəlxalq forum keçirilib

Bakıda Yaxın Şərq türkmən irsinə həsr olunan beynəlxalq forum keçirilib

Bakıda “Türkmən irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı II forum baş tutub. Tədbir “Körpü” Türkmən İrsi Araşdırmaları İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilib. Forum çərçivəsində İraq, Suriya və digər ölkələrdən olan türkmən icmalarının nümayəndələri, alimlər və ictimai xadimlər bir araya gələrək mədəni irsin qorunması və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Rəsmi açılış mərasimindən sonra “Yaxın uzaqlıq: ortaq irs və gələcək əməkdaşlıq” mövzusunda panel müzakirəsi təşkil olunub. Tədbirdə çıxış edən tanınmış alim Qəzənfər Paşayev İraq türkmənlərinin zəngin tarixi və mədəni irsinin daha geniş araşdırılmasının vacibliyini vurğulayıb. O, Azərbaycan universitetlərində Kərkükşünaslıq istiqamətinin yaradılmasını, Ədəbiyyat Muzeyində İraq türkmən ədəbiyyatına həsr olunmuş ekspozisiyanın açılmasını, həmçinin Kərkükdə Azərbaycan mədəniyyətini tanıdan media və diplomatik təşəbbüslərin həyata keçirilməsini təklif edib.

İştirakçılar birgə layihələrin vacibliyini vurğulayıblar

İraq Türkmən Alimlər Birliyinin sədri Nabil Şahin Kifrili forumun yalnız fikir mübadiləsi ilə məhdudlaşmamasının vacibliyini bildirib. Onun sözlərinə görə, müzakirələr real layihələrə çevrilməli, Kərkük, Hələb və digər şəhərlərdə ortaq mədəni təşəbbüslər həyata keçirilməlidir. Kifrili gələcəkdə həmin şəhərlərdə “Azərbaycan Evləri”nin yaradılmasının da faydalı olacağını qeyd edib.

Suriya Türkmən Platformasının və Suriya Türkmən Məclisinin təsisçisi Əsəd Ərbər Həsən isə çıxışında mədəni irsin gələcək nəsillərə müasir üsullarla ötürülməsinin əhəmiyyətinə diqqət çəkib. Onun fikrincə, bu istiqamətdə muzey və kitablarla yanaşı, rəqəmsal texnologiyalara əsaslanan təhsil layihələri də geniş tətbiq olunmalıdır.

İraq Türkmənləri Mədəniyyət və Yardımlaşma Birliyinin rəhbəri Əyyub Kərəm isə diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, qeyri-hökumət təşkilatlarının bu prosesdə daha fəal iştirak etməsinin zəruri olduğunu bildirib. Forum mədəni proqram və bədii təqdimatlarla yekunlaşıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər