Ukraynanın Krivoy Roq şəhəri yenidən raket hücumuna məruz qalıb. Şəhərə endirilən ballistik raket zərbəsi nəticəsində azı üç nəfər həlak olub, çoxsaylı yaralıların olduğu bildirilir. Hücumun mülki infrastruktura aid obyektlərdən birinə düşdüyü açıqlanıb.
Şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul bildirib ki, raket zərbəsi nəticəsində ölənlərlə yanaşı, ondan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun sözlərinə görə, yaralılar dərhal xəstəxanalara yerləşdirilib və həkimlər ağır vəziyyətdə olan şəxslərin həyatını xilas etmək üçün mübarizə aparırlar.
Yaralıların sayı artıb
Hadisədən sonra yayılan yenilənmiş məlumatlara əsasən, yaralananların sayı 19 nəfərə çatıb. Onlardan beşinin vəziyyəti ağır qiymətləndirilir. Şəhər rəhbərliyi hücumun ballistik raketlə həyata keçirildiyini təsdiqləyib.
Zərbə nəticəsində sənaye infrastrukturuna da ciddi ziyan dəyib. Bir neçə ərazidə yanğın baş verib, lakin xilasedicilər alovun yayılmasının qarşısını alaraq yanğınları söndürə biliblər. Hücum zamanı istifadəsiz vəziyyətdə olan bir tikili, ekskavator və avtomobil də zərər görüb.
Vilayət rəhbərliyinin məlumatına görə, xəstəxanaya yerləşdirilən yaralılardan 30 və 39 yaşlı iki kişi ağır vəziyyətdədir. Bundan başqa, 62 yaşlı qadının vəziyyəti isə son dərəcə ağır olaraq qiymətləndirilir.






