Elektron siqaretlərdə istifadə olunan mentol və sintetik soyuducu maddələrin ürək fəaliyyətinə mənfi təsir göstərə biləcəyi müəyyən edilib. Yeni elmi araşdırma göstərib ki, bu komponentlər həm laboratoriya siçanlarında, həm də müəyyən şərtlər altında insan ürək hüceyrələrində ritm pozuntularına səbəb ola bilir.
Tədqiqat zamanı veyp mayelərində geniş istifadə olunan üç soyuducu komponent araşdırılıb:
- Mentol
- WS-3 adlı sintetik soyuducu maddə
- WS-23 adlı sintetik soyuducu maddə
Araşdırmada hansı nəticələr əldə olunub?
Təcrübə zamanı siçanlar müxtəlif tərkibli elektron siqaret aerozollarına məruz qalıblar. Sonradan onların ürək fəaliyyəti elektrokardioqram vasitəsilə qiymətləndirilib. Nəticələr göstərib ki, mentol və sintetik soyuducu maddələr ürək mədəciklərinin normadan əvvəl yığılmasına səbəb olub ki, bu da aritmiya riskinin artması ilə əlaqələndirilir.

İnsan ürək hüceyrələri üzərində aparılan sınaqlarda isə fərqli mənzərə qeydə alınıb. Soyuducu maddələr təkbaşına ciddi ritm dəyişikliyi yaratmasa da, hüceyrələr stress vəziyyətini təqlid edən noradrenalinlə işlənəndən sonra onların fəaliyyətinə təsir göstərib. Bu halda hüceyrələrin yığılma sürəti azalıb və elektrik impulslarının müddəti qısalıb.
Veyplərin təhlükəsizliyi ilə bağlı suallar artır
Alimlər bildirirlər ki, əldə olunan nəticələr birbaşa insanlarda ürək xəstəliklərinin yaranmasını təsdiqləmir. Bununla belə, araşdırma elektron siqaretlərin tərkibindəki bəzi komponentlərin təhlükəsizliyi ilə bağlı əlavə suallar ortaya qoyur.
Son illərdə aparılan digər tədqiqatlar da veyplərin potensial risklərinə diqqət çəkib. Elektron siqaret mayelərindəki qliserinin inkişaf edən orqanizmə mənfi təsir göstərə biləcəyi, eləcə də veyp istifadəsi ilə əlaqəli ağciyər zədələnməsi halları barədə məlumatlar var.
Mütəxəssislər mentol və sintetik soyuducu əlavələrin insan sağlamlığına uzunmüddətli təsirini tam anlamaq üçün daha geniş klinik araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.
Qeyd edək ki, daha əvvəl də elektron siqaretlərin sağlamlığa təsiri ilə bağlı araşdırmalar narahatlıq doğuran nəticələr ortaya qoyub. Bu barədə ətraflı məlumatı Veyplə bağlı ilk genişmiqyaslı tədqiqat yazımızda oxuya bilərsiniz.





