Azərbaycanda gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması istiqamətində növbəti mühüm addım atılıb. Prezident İlham Əliyev “İntellektual gömrük” informasiya sisteminin (İGİS) yaradılması ilə bağlı fərman imzalayıb. Yeni sistem gömrük nəzarətinin, rəsmiləşdirmə proseslərinin və dövlət xidmətlərinin daha operativ, şəffaf və səmərəli təşkilinə xidmət edəcək. Fərmanla yanaşı, İGİS-in fəaliyyətini tənzimləyən Əsasnamə də təsdiqlənib.
Yeni sistem necə fəaliyyət göstərəcək?
Fərmana əsasən, İGİS-in sahibi və operatoru funksiyalarını Dövlət Gömrük Komitəsi həyata keçirəcək. Qurum sistemin yaradılması, idarə olunması və inkişafını təmin etməklə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə platformanın “Hökumət buludu” (G-cloud) infrastrukturunda yerləşdirilməsini və təkmilləşdirilməsini təmin edəcək. Müvafiq dövlət qurumları isə sistem üçün zəruri məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasını həyata keçirəcəklər.
İGİS rəqəmsal və informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, gömrük nəzarəti və rəsmiləşdirilməsi proseslərini vahid platformada idarə edəcək. Bununla yanaşı, xarici ticarət iştirakçıları, fiziki və hüquqi şəxslər üçün göstərilən elektron xidmətlərin əlçatanlığının artırılması, məlumatların sistemli şəkildə saxlanılması və operativ istifadəsi də təmin olunacaq.
Rəqəmsallaşma və məlumat təhlükəsizliyi prioritet olacaq
Yeni sistemin əsas məqsədləri gömrük idarəçiliyinin optimallaşdırılması, risk analizinin təkmilləşdirilməsi, analitik hesabatların hazırlanması və xidmət keyfiyyətinin yüksəldilməsidir. İGİS-də formalaşdırılan bütün informasiya və elektron sənədlər dövlət mülkiyyəti hesab ediləcək, fərdi məlumatların toplanması və emalı isə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçiriləcək.
Sistemin yaradılması və inkişafı dövlət büdcəsi, eləcə də qanunvericiliklə qadağan edilməyən digər maliyyə mənbələri hesabına maliyyələşdiriləcək. Layihə həmçinin dövlət informasiya sistemlərinin formalaşdırılması və inteqrasiyası üzrə müəyyən edilmiş prinsiplərə uyğun fəaliyyət göstərəcək. Son illərdə Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq olunan “Smart Customs”, avtomatlaşdırılmış risk analizi və digər rəqəmsal layihələr də bu istiqamətdə aparılan islahatların davamı hesab olunur.





