2026-cı ilin yanvar–may aylarında Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb. Rəsmi gömrük statistikasına əsasən, hesabat dövründə ölkəyə 468 elektromobil gətirilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 299 avtomobil və ya 39 faiz, idxalın dəyəri isə 52 faiz azalaraq 12,35 milyon ABŞ dolları təşkil edib.
Eyni dövrdə Azərbaycana 2 462 hibrid avtomobil idxal olunub. Onların ümumi statistik dəyəri 52,66 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə həm say baxımından (68,1 faiz), həm də dəyər baxımından (65,9 faiz) ciddi geriləmə deməkdir. Şarj edilə bilən (plug-in) hibrid avtomobillərin idxalı da azalıb. İlk beş ay ərzində ölkəyə 6 318 belə avtomobil gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 391 ədəd və ya 41 faiz azdır. Onların statistik dəyəri isə 140,8 milyon ABŞ dollarına enib.
İdxal niyə azalıb?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, əsas səbəblərdən biri 2026-cı il yanvarın 1-dən elektromobil və hibrid avtomobillərin idxalına tətbiq olunan vergi güzəştlərinin başa çatmasıdır. Onun sözlərinə görə, güzəştlərin qüvvədə olduğu 2025-ci ilin son aylarında idxalçılar böyük həcmdə avtomobil gətirdikləri üçün həmin nəqliyyat vasitələrinin bir hissəsi hələ də satış mərkəzlərində alıcısını gözləyir.
Ekspert qeyd edib ki, hazırda idxal olunan avtomobillərə ƏDV və digər gömrük ödənişləri tətbiq olunur ki, bu da qiymətlərin yüksəlməsinə və tələbin zəifləməsinə səbəb olur. O, əlavə edib ki, ölkənin uzunmüddətli ekoloji hədəfləri karbon emissiyalarının azaldılması və daha təmiz nəqliyyatın təşviq edilməsini nəzərdə tutur. Bu baxımdan gələcəkdə elektromobil və hibrid avtomobillər üçün stimullaşdırıcı mexanizmlərin yenidən tətbiq olunacağına ümid etdiyini bildirib.
Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov da bildirib ki, 2026-cı ilin ilk beş ayında elektromobil idxalının təxminən iki dəfə azalmasının əsas səbəbi məhz güzəşt müddətinin başa çatması və 2025-ci ildə bu avtomobillərin yüksək həcmdə ölkəyə gətirilməsi olub. Onun sözlərinə görə, ilin sonunda bazardakı vəziyyət yenidən qiymətləndiriləcək və idxal dinamikası daha dəqiq təhlil ediləcək.





