ABŞ Müdafiə Nazirliyinin Perspektivli Tədqiqat Layihələri Agentliyi (DARPA) süni intellekt sahəsində yeni və iddialı təşəbbüsə start verib. DICE (Decentralized Artificial Intelligence through Controlled Emergence) adlı proqramın məqsədi mərkəzləşdirilmiş idarəetmə olmadan fəaliyyət göstərə bilən on minlərlə süni intellekt agentinin özünü təşkil etmə, tapşırıqları bölüşdürmə və mürəkkəb missiyaları koordinasiya etmə imkanlarını yoxlamaqdır.
Proqramın ümumi müddəti 36 ay nəzərdə tutulub və bir neçə mərhələdən ibarətdir. İlk doqquz aylıq mərhələdə təxminən 500 agent və 5 min qarşılıqlı əlaqə simulyasiya ediləcək. Növbəti mərhələdə agentlərin sayı 5 minə, qarşılıqlı mesajlaşmalar isə 50 minə çatdırılacaq. Son mərhələdə isə DARPA eyni vaxtda 100 min süni intellekt agentinin işlədiyi və onların 1 milyona qədər mesaj mübadiləsi apardığı ssenarini sınaqdan keçirməyi planlaşdırır. Bu mərhələdə bəzi agentlərə qəsdən yanlış məlumat ötürüləcək və ya komprometə olunmuş iştirakçılar imitasiya ediləcək.
Mərkəzsiz idarəetmə modeli necə işləyəcək?
DARPA hesab edir ki, gələcəyin hərbi əməliyyatları saniyələr ərzində dəyişən şəraitdə baş verəcək və klassik mərkəzləşdirilmiş idarəetmə sistemləri belə tempə uyğunlaşa bilməyəcək. Agentliyin fikrincə, vahid koordinasiya mərkəzi radioelektron mübarizə, kibertəhdidlər və rabitənin pozulması şəraitində sistemin ən zəif nöqtəsinə çevrilir.
DICE layihəsində isə hər bir agent digər agentlərlə birbaşa əlaqə saxlayacaq, vəziyyətdən asılı olaraq müvəqqəti qruplar yaradacaq, rolları öz aralarında bölüşdürəcək və ehtiyac yarandıqda yeni tapşırıqları digər iştirakçılara ötürəcək. Hər hansı agent sıradan çıxarsa, onun üzərinə düşən missiya avtomatik şəkildə digər agentlər arasında paylaşdırılacaq və bunun üçün mərkəzi müdaxiləyə ehtiyac olmayacaq. DARPA bu yanaşmanı internetin işləmə prinsipi, qarışqa koloniyaları və quş sürülərinin kollektiv davranışı ilə müqayisə edir.
Əsas məqsəd nədir?
Layihənin ən böyük çağırışı süni intellekt sistemlərinin sərbəst qərarvermə qabiliyyəti ilə onların insan nəzarəti altında qalması arasında tarazlıq yaratmaqdır. Bunun üçün hər agentdə davranışı izləyən və lazım gəldikdə korrektə edən xüsusi lokal idarəetmə mexanizmlərinin hazırlanması planlaşdırılır. Açıq model arxitekturalarında neyron şəbəkələrinin daxili vəziyyətinə təsir göstərən texnologiyalar, qapalı kommersiya modellərində isə yaddaş, kontekst və əməkdaşlığı təşviq edən mexanizmlər nəzərdən keçirilir.
DARPA vurğulayır ki, proqram real döyüş sistemlərinin hazırlanmasını deyil, simulyasiya mühitində mərkəzsiz çoxagentli süni intellekt arxitekturalarının sınaqdan keçirilməsini hədəfləyir. Hər mərhələnin nəticələri mövcud mərkəzləşdirilmiş çoxagentli sistemlərlə müqayisə ediləcək və yeni yanaşmanın miqyaslana bilmə, dayanıqlıq və adaptasiya imkanları qiymətləndiriləcək.





