Azərbaycanda neft və neft məhsulları anbarlarının layihələndirilməsi sahəsində yeni texniki normalar qüvvəyə minir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Neft və neft məhsulları anbarları. Layihələndirmə normaları”nı təsdiqləyib. Müvafiq qərarı Komitə İdarə Heyətinin sədri Anar Quliyev imzalayıb.
Yeni sənəd ölkədə tikiləcək və ya yenidən qurulacaq neft və neft məhsulları anbarlarının layihələndirilməsi zamanı tətbiq olunacaq. Qaydalar əsasən yanğın təhlükəsizliyi, tikinti və istismar zamanı yerinə yetirilməli olan texniki tələbləri müəyyən edir.
Təsdiqlənən layihələndirmə normaları aşağıdakı obyektlərə aid edilmir:
- xüsusi standartlarla layihələndirilən qeyri-mülki təyinatlı neft və neft məhsulları anbarlarına
- sıxılmış karbohidrogen qazlarının saxlanılması üçün nəzərdə tutulan anbarlara
- 20°C temperaturda doymuş buxar təzyiqi 93,1 kPa-dan (700 mm civə sütunu) yüksək olan neft və neft məhsullarının saxlanıldığı anbarlara
- sintetik neft əvəzedicilərinin saxlanılması üçün istifadə olunan anbarlara
- qaya süxurlarında və daş duz yataqlarında yerləşən yeraltı rezervuarlara
- texnoloji avadanlığın tərkib hissəsi olan və ya texnoloji qurğu kimi istifadə edilən rezervuar və digər tutumlara
Qərara əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və hüquq şöbəsinə sənədin üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim olunaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi tapşırılıb.
Yeni normaların tətbiqi neft infrastrukturu obyektlərinin layihələndirilməsi zamanı təhlükəsizlik tələblərinin vahid qaydada həyata keçirilməsinə xidmət edəcək.





