EvDünyaFire Point FP-7.x raketini nümayiş etdirdi: Freya sistemi Patriot-a alternativ kimi hazırlanır

Fire Point FP-7.x raketini nümayiş etdirdi: Freya sistemi Patriot-a alternativ kimi hazırlanır

Ukraynanın müdafiə sənayesi şirkəti Fire Point yeni nəsil FP-7.x raket-kəsicisini ilk dəfə ictimaiyyətə təqdim edib. Yeni raket Avropa ölkələri ilə birgə hazırlanan Freya hava hücumundan müdafiə sisteminin əsas elementlərindən biri olacaq. Layihənin məqsədi ballistik raketlərə qarşı daha əlçatan və kütləvi istehsal edilə bilən müdafiə sistemi yaratmaqdır.

Fire Point şirkətinin sosial şəbəkələrdə paylaşdığı görüntülərdə FP-7.x raketi ilk dəfə nümayiş etdirilib. Şirkət paylaşımda “Freya – birlikdə sahib olduğumuz pan-Avropa antiballistik qalxanıdır. Tezliklə…” sözlərini qeyd edib.

FP-7.x raketinin imkanları açıqlanıb

FP-7.x yalnız ballistik hədəflərin kinetik üsulla məhv edilməsi üçün nəzərdə tutulub. Raketin uzunluğu 7,25 metr, hesablanan sürəti isə 1500–2000 m/s təşkil edir. O, 25 kilometr hündürlüyədək yüksələrək ballistik raketləri məhv etmək imkanına malikdir.

Raket əsasən kompozit materiallardan hazırlanıb ki, bu da onun istehsal dəyərini əhəmiyyətli dərəcədə azaldır. Şirkətin məlumatına görə, FP-7.x-in yalnız bir komponenti istisna olmaqla, bütün hissələri Ukraynada istehsal edilir.

Fire Point-in həmtəsisçisi və baş konstruktoru Denis Ştilerman bildirib ki, bir FP-7.x raketinin təxmini qiyməti 700 min ABŞ dollarıdır. Müqayisə üçün, Patriot zenit-raket kompleksində istifadə olunan PAC-3 raketinin qiyməti təxminən 3,8 milyon dollar təşkil edir.

Raket trayektoriyanın əsas hissəsində radiolokasiya ilə idarə olunur, son mərhələdə isə infraqırmızı özütuşlama başlığından istifadə edir. Freya kompleksi üçün radarlar, hədəf aşkarlama sistemləri və komanda-idarəetmə infrastrukturu Avropa tərəfdaşları tərəfindən təmin ediləcək. Fire Point Almaniyanın Hensoldt və Thales, İtaliyanın Leonardo, həmçinin Norveçin Kongsberg şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edir.

Layihənin sınaqları davam edir

Məlumata görə, FP-7 layihəsinin ilk sınaqları 27 fevral 2026-cı ildə keçirilib. 3 iyun 2026-cı ildə isə FP-7.x raketinin ilk tam idarə olunan manevr uçuşu uğurla başa çatıb. Bu sınaq layihənin praktiki mərhələyə keçdiyini göstərən mühüm addım hesab olunur.

Prezident Volodimir Zelenskinin Freya layihəsini Parisdə keçiriləcək beynəlxalq görüşdə tərəfdaş ölkələrə təqdim etməsi planlaşdırılır. Onun sözlərinə görə, sistem Ukraynanın rəhbərliyi ilə həyata keçirilən pan-Avropa antiballistik layihəsidir və artıq səkkiz ölkə bu təşəbbüsə qoşulmağa hazır olduğunu bildirib.

Financial Times-a müsahibəsində Denis Ştilerman qeyd edib ki, layihənin uğurla irəliləyəcəyi təqdirdə ilk ballistik raketin yeni sistem vasitəsilə vurulması 2026-cı ilin sonunadək, komplekslərin seriya istehsalının isə 2027-ci ildə başlaması gözlənilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər