Azərbaycanda sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin artırılması ilə bağlı məsələ yenidən müzakirə olunub. Dövlət Vergi Xidmətində keçirilən görüşdə sahibkarlıq fəaliyyətinin qarşısında duran maneələrin aradan qaldırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində irəli sürülən təkliflər geniş şəkildə dəyərləndirilib.
Müzakirələr İqtisadi Şuranın Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması, eləcə də biznes mühitinin yaxşılaşdırılması üzrə İşçi Qrupunun Vergi Altqrupunun Koordinasiya Qrupu nümayəndələrinin iştirakı ilə baş tutub.
Görüşdə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov vergi inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər, rəqəmsallaşma istiqamətində görülən işlər və hazırda icra edilən pilot layihələr barədə ətraflı məlumat verib.
Vergi inzibatçılığı üzrə bir sıra təkliflər müzakirə olunub
Görüş zamanı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ödənişlərin real vaxt rejimində işlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlər, həmçinin sərəncamların tətbiqini nəzərdə tutan pilot layihənin gedişi diqqət mərkəzində olub. Bununla yanaşı, biznes nümayəndələrindən toplanmış təkliflər əsasında müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Müzakirələrdə mikro sahibkarlara təqdim olunan vergi güzəştləri, kənd təsərrüfatı məhsullarından hazırlanan məhsullara və təkrar bazar əməliyyatlarına ƏDV-nin yalnız ticarət əlavəsinə tətbiqi, sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin artırılması, kameral vergi yoxlamaları zamanı bank hesablarına sərəncam qoyulması təcrübəsinin təkmilləşdirilməsi, riskli vergi ödəyicisi statusunun tətbiqi və şikayətlərə baxılması müddətlərinin qısaldılması kimi məsələlər də müzakirə edilib.
Qeyd edək ki, son illərdə vergi sistemində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Dövlət Vergi Xidməti elektron xidmətlərin əhatə dairəsinin artırılması, nağdsız hesablaşmaların stimullaşdırılması və sahibkarlar üçün inzibati prosedurların sadələşdirilməsi üzrə islahatları davam etdirir.





