ABŞ prezidenti Donald Tramp Tesla şirkətinə qarşı törədilən sabotaj aktlarına görə məsuliyyət daşıyan şəxslərin uzunmüddətli həbs cəzası ilə üzləşəcəyini bəyan edib.
Son günlər ölkədə “Tesla Takedown” şüarı ilə yayılan radikal aksiyalar çərçivəsində bir neçə elektromobil Molotov kokteylləri ilə yandırılıb. Tramp bu hadisələrə cavab olaraq öz sosial şəbəkəsi Truth Social-da bunları yazıb:
“Tesla-ya qarşı vandalizm edən şəxslər və onların maliyyə dəstəkçiləri 20 ilədək həbs cəzası ilə üzləşə bilərlər. Sizi izləyirik!”
Tesla əleyhinə aksiyalar nə ilə bağlıdır?
Martın 10-dan etibarən ABŞ-da bəzi fəallar “Tesla Takedown” adlı kampaniyaya start veriblər. Bu çərçivədə Tesla elektromobilləri yandırılıb, sosial şəbəkələrdə isə avtomobil sahiblərinin şəxsi məlumatlarını, satış mərkəzlərinin və enerji doldurma məntəqələrinin ünvanlarını yayımlayan vebsaytlar yaradılıb. Hətta bəzi bölmələrdə insanlara “Tesla ovuna çıxmaq üçün evdən çıxmaq kifayətdir” tipli çağırışlar yer alıb.
Elon Maskın dövlət strukturlarında fəaliyyəti də narazılıq doğurur
Tesla-nın ilk investorlarından biri olan Ross Gerber İlon Maskı sərt tənqid edib. O, milyarderin ya şirkətin CEO postundan getməli, ya da Tramp administrasiyasında tutduğu yeni vəzifədən – Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin rəhbərliyindən – imtina etməli olduğunu bildirib.
Qeyd edək ki, Maskın federal hökumət strukturlarında ixtisarlar aparmaq planı da ictimaiyyət arasında etiraz doğurub. DOGE departamentinə rəhbərlik etməsi bəzi dairələrdə narazılıqla qarşılanıb və bu da Tesla əleyhinə çıxışların artmasına səbəb olub.





