Fransız futbolçu Dimitri Payet şəxsi həyatı ilə gündəmə gəlib. Uzun illər “Vest Hem” və “Marsel” klublarında çıxış etmiş, hazırda isə Braziliyanın “Vasko da Qama” klubunda oynayan 37 yaşlı yarımmüdafiəçi, ailəsini geridə qoyaraq Braziliyalı hüquqşünas və bloqer Larissa Ferrari ilə münasibət qurmaqda ittiham olunur.
2023-cü ilin aprelində Braziliyaya köçən Payet iki illik müqaviləyə imza atmışdı. Onun həyat yoldaşı Lüdivin isə dörd övladları ilə Fransada qalaraq ailənin sabitliyini qorumağa çalışırdı. Hər üç aydan bir ərini ziyarət edən Lüdivin, əri ilə Larissa arasında münasibət olduğundan xəbərsiz idi.
Larissa Ferrari britaniyalı “The Sun” nəşrinə verdiyi açıqlamada, Payet ilə münasibətlərinin 2023-cü ilin sentyabrından başladığını bildirib. Onun sözlərinə görə, bu zaman özü boşanma prosesi keçirirdi, futbolçu isə tənhalıqdan əziyyət çəkirdi.
“Dimitri məni hər 12 gündən bir yanına dəvət edirdi. Üç-dörd gün onunla qalırdım. Mesajlarında da, real həyatda da çox nəzakətli və diqqətli idi. Münasibətimiz səthi deyildi – bu, duyğulara söykənən bir bağ idi”, – deyə Larissa qeyd edib.
O, bu münasibətin açıqlandığı üçün peşman olduğunu bildirərək, həm Payetin ailəsindən, həm də öz yaxınlarından üzr istəyib. Sosial şəbəkələrdə yaranan diqqətdən qaçmaq üçün o, müvəqqəti olaraq hesablarını bağlayıb. Payet isə hələlik bu məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, Dimitri Payet 2017-ci ildə “Vest Hem”dən ayrılaraq “Marsel”ə qayıtmış və burada altı ildən çox oynadıqdan sonra azad agent kimi klubdan ayrılmışdı. Hazırda onun şəxsi həyatı ilə bağlı qalmaqal idman karyerasının kölgəsində yeni müzakirə mövzusuna çevrilib.





