Azərbaycanın gənc alim və tələbələri tərəfindən hazırlanmış ilk kub formalı nanosatellitin (kubsat) bu il orbitə buraxılması planlaşdırılır.
Bu barədə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın rəhbəri İmran Muxtarov məlumat verib. Onun sözlərinə görə, cəmi 6 ay əvvəl yaradılmasına baxmayaraq, Akademiya artıq 8 beynəlxalq layihədə iştirak edir. Eyni zamanda, fiziki məkana alternativ olaraq “Rəqəmsal Akademiya” konsepsiyası üzərində də işlənilir. Bu layihənin əsas məqsədi türk dövlətlərindən olan tələbə və alimləri kosmik elmlərə cəlb etməkdir.
İmran Muxtarov qeyd edib ki, artıq Qazaxıstan, Özbəkistan və Türkiyədən 21 universitetlə əməkdaşlıq əlaqələri qurulub. Akademiyanın əsas məqsədlərindən biri də Beynəlxalq Kosmik Təhsil Məsləhət Şurasının üzvü olmaqdır. Bu istiqamətdə üçmərhələli danışıqlar yekunlaşıb və müsbət cavab gözlənilir.
O, həmçinin əlavə edib ki, bu il Avstraliyanın Sidney şəhərində keçiriləcək Astronavtika Konqresinə Azərbaycan 632 elmi məqalə ilə ikinci ən böyük iştirakçı olacaq. “Hətta Türkiyədə belə bizim modelə bənzər kosmik akademiya yoxdur. Məqsədimiz ölkəmizin kosmik sənaye potensialını dünyaya tanıtmaqdır,” – deyə o vurğulayıb.





