Tanınmış rusiyalı aparıcı İvan Urqant üç illik sükutdan sonra nəhayət ki, efirlərdən yoxa çıxmasının səbəbi barədə ilk dəfə üstüörtülü də olsa danışıb. İsraildə keçirilən konsertdə o, Alla Puqaçovanın məşhur “Milyon alyx roz” (“Milyon al qızılgül”) mahnısına parodiya edərək bu mövzuya toxunub.
Urqant səhnədə belə oxuyub:
“Bir aparıcı vardı, varlı və məşhur idi. Amma birdən sosial şəbəkəyə balaca qara kvadrat paylaşdı. Evini satdı, içindəkiləri də, və bütün pulla 106 kursla dollar aldı…”
Bu satirik çıxış zalda güclü alqışlarla qarşılanıb. Beləliklə, Urqant 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra “Instagram”da paylaşdığı qara kvadratın onun karyerasındakı dönüş nöqtəsi olduğunu təsdiqləyib.
Efir yoxluğu və qayıdış cəhdləri
Qeyd edək ki, həmin paylaşımdan sonra “Birinci kanal”da yayımlanan “Veşerniy Urqant” şousu efirdən çıxarılıb. Musiqi kollektivi ilə birlikdə nəzərdə tutulan konsertləri də ləğv olunub.
Uzun müddət ictimaiyyət qarşısına çıxmayan Urqant heç bir rəsmi açıqlama verməmişdi. Lakin son aylarda o, “Canlı Urqant” adlı şousu ilə səhnəyə dönüb. Bu proqram onun əvvəlki televerilişinə bənzəyir, lakin bu dəfə stand-up formatında təqdim olunur. Şou əsasən yaxın xaricdə və Avropa ölkələrində keçirilir.
Urqant həmçinin Vladimir Pozner ilə də birlikdə çıxış edir. Onun da eyniadlı verilişi Rusiya televiziyasından yığışdırılıb.
“İki ölkədə yaşayıram”
Tez-tez xaricə köçməsi barədə yayılan şayiələrə baxmayaraq, Urqant özü bildirir ki, “hələ də iki ölkə arasında yaşayıram” və Rusiyaya qayıtmaqdan imtina etməyib. Lakin yaxın zamanda rus televiziyasına dönüş planlaşdırmır.





