Bakıda maliyyə texnologiyaları sahəsində regionun ən iri tədbirlərindən biri olan “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar sərgisi” start götürüb.
Daylinews-az.com xəbər verir ki, iki gün davam edəcək bu beynəlxalq sammit Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və “Visa” beynəlxalq ödəniş sisteminin tərəfdaşlığı ilə keçirilir.
Sammit bu il “Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsal İnteqrasiya, Fintex Tərəfdaşlıqları və Kibertəhlükəsizlik” mövzusuna həsr olunub. Tədbir regional rəqəmsal transformasiya, fintex innovasiyaları və texnoloji əməkdaşlığın təşviqi baxımından mühüm platforma sayılır.
Sammit çərçivəsində aşağıdakı mövzularda 7 əsas panel müzakirəsi təşkil olunacaq:
- Bank sektorunda süni intellektin tətbiqi;
- Rəqəmsal ödəniş ekosistemlərinin inkişafı;
- Açıq bankçılıq və “regtech” texnologiyaları;
- Banklarla fintex şirkətləri arasında yeni əməkdaşlıq modelləri;
- Kibertəhlükəsizlik sahəsində risklər və müdafiə mexanizmləri;
- Rəqəmsal mühitdə şəxsi məlumatların mühafizəsi;
- Tənzimləyici çərçivənin müasir çağırışlara uyğunlaşdırılması.
Sammitə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq və Asiya-Sakit okean regionlarından olmaqla 300-ə yaxın beynəlxalq və regional qurum qatılıb. Ümumilikdə 1500-dən artıq iştirakçının – dövlət qurumları, banklar, fintex startaplar, ödəniş platformaları, investorlar, diplomatik nümayəndəliklər və akademik dairələrin təmsilçilərinin iştirakı nəzərdə tutulur.
Tədbirdə 50-yə yaxın beynəlxalq və yerli spiker öz sahələri üzrə qabaqcıl təcrübə və yenilikləri təqdim edəcək.
Bununla yanaşı, sammit zamanı bir neçə mühüm əməkdaşlıq sənədləri də imzalanacaq. Azərbaycan Banklar Assosiasiyası Qazaxıstan Maliyyəçilər Assosiasiyası və Türkdilli Dövlətlərin Kredit Büroları ilə qarşılıqlı əlaqələri möhkəmləndirən Anlaşma Memorandumları imzalayacaq.
Qeyd edək ki, “FINTEX SUMMIT” hər il Bakıda keçirilən iki ən mühüm beynəlxalq maliyyə tədbirindən biridir. Digər mötəbər platforma isə Beynəlxalq Bankçılıq Forumudur.





