2024-cü il dekabrın 25-də Qroznı yaxınlığında vurulan “Embraer E190” sərnişin təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin birbaşa əmri ilə məhv edildiyinə dair iddialar güclənməkdə davam edir.
Daylinews-az.com xəbər verir ki, Rusiyanın tanınmış ASTRA “Telegram” kanalı bu iddialara daha bir fakt əlavə edib. Belə ki, daha öncə “Minval.az” saytında yayımlanan və insident zamanı hava hücumundan müdafiədə xidmət edən kapitan Dmitri Paladiçukun adının çəkildiyi məktubun təsdiqi üçün jurnalistlər onunla birbaşa əlaqə qurublar.
Kapitan izahat yazısını təkzib etmədi
Paladiçuk ASTRA-nın əməkdaşı ilə telefon danışığında məktubda yer alan izahat yazısının mövcudluğunu inkar etməyib. Lakin rəsmi şərh verməkdən imtina edib və bu sözləri deyib: “Mən indi Rusiya ilə Azərbaycan arasında nə baş verdiyini bilirəm… Başa düşürsünüz, müharibə gedir, mən ümumiyyətlə siyasətdən uzağam“.
Bu cavab Paladiçukun izahat yazısında bildirdiyi “hədəfi məhv etmə” əmri ilə bağlı iddiaları birbaşa təsdiqləməsə də, onun hadisədə iştirakını dolayısı ilə təsdiqləyir.
ASTRA: Paladiçuk hava hücumundan müdafiədə xidmət edib
Rusiya mənbələri, xüsusən ASTRA kanalı, Paladiçukun həqiqətən də hava hücumundan müdafiə qüvvələrində xidmət etdiyini qeyd edir. Bu da onun “Embraer E190” təyyarəsinin vurulmasında iştirak etdiyinə dair iddiaların əsassız olmadığını göstərir.
Xatırladaq ki, daha əvvəl yayılan anonim məktubda Paladiçuk vurulan hədəflə bağlı koordinat məlumatlarını vermiş, telefonla aldığı əmr əsasında iki dəfə raket buraxıldığını bildirmişdi. Həmçinin hadisəyə dair video və audioyazıların da mövcud olduğu iddia edilmişdi.





