“AZAL təyyarəsinin vurulması və Aktauda qəzaya uğramasının istintaqı ilə bağlı Rusiya tərəfi konkret nəticələr barədə Azərbaycana məlumat vermir”.
Daylinews-az.com-un “Report”a istinadən xəbər verdiyi məlumata görə, bunu Ankarada səfərdə olan Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev bəyan edib.
Baş prokuror qeyd edib ki, AZAL-ın təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradıqdan sonra Azərbaycan Rusiya İstintaq Komitəsi ilə daimi əlaqə saxlayır və müvafiq məktublar göndərir:
“Onlar hələ ki ekspertizaların keçirilməsi, istintaqın davam etdirilməsi, istintaq hərəkətlərinin həyata keçirilməsini əsas gətirməklə konkret nəticələr barədə bizə məlumat vermirlər. Amma bizim özümüzdə istintaqın ilkin mərhələsindən kifayət qədər sübutlar var. Biz hadisənin başvermə halları ilə bağlı həm kifayət qədər məlumatlıyıq, həm də zəruri olan bütün sübutları toplamışıq. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik.”
Kamran Əliyev vurğulayıb ki, təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından dərhal sonra Azərbaycan Baş Prokurorluğu Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işi qaldırıb. Qazaxıstan və Rusiya İstintaq Komitəsi də oxşar cinayət işləri başlatmışdır. Beləliklə, hazırda hadisə ilə bağlı üç ölkədə istintaq aparılır. Baş prokuror izah edib ki, bu vəziyyət hər üç ölkənin maraqlarına toxunduğu üçün belə bir yanaşma tətbiq olunub, çünki qəza nəticəsində hər üç ölkənin vətəndaşları həm həyatlarını itirib, həm də müxtəlif dərəcəli xəsarətlər alıb. Azərbaycan həm Rusiya, həm də Qazaxıstan tərəfləri ilə sıx əməkdaşlıq edir.
Əlavə olaraq, Kamran Əliyev Braziliya Prokurorluğu ilə də əlaqələrin qurulduğunu qeyd edib:
“Bilirsiniz ki, həmin təyyarə Braziliyada istehsal olunub. Hər halda ümid edirik ki, Rusiya tərəfi qısa zaman kəsiyində bizə istintaqın gedişi və konkret nəticələr, eyni zamanda, cinayəti törətmiş (amma biz demirik, bu qəsdən törədilib) şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı bizə məlumat verəcəklər. Əgər bu, olmazsa, o zaman cənab Prezidentin də dediyi kimi, bizim beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququmuz var”.
Hadisənin təfərrüatları:
- Qəza tarixi: 25 dekabr 2024
- Yer: Qazaxıstan, Aktau şəhəri yaxınlığı
- Təyyarə: AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi
- Nəticələr:
- Təyyarədə olan 67 nəfərdən 38-i həyatını itirib, 29-u sağ qalıb.
- Təltiflər:
- Həlak olan ekipaj üzvləri İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökümə Cəlil qızı Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
- Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.





