ABŞ prezidenti Donald Tramp TikTok-da yeni rəsmi hesabın açılışını elan edib. Daylinews-az.comun Reuters-ə istinadən xəbərinə görə, Ağ Ev artıq platformada fəaliyyətə başlayıb. Məqsəd gənc auditoriya ilə birbaşa ünsiyyət qurmaq olsa da, bu addım ABŞ-da təhlükəsizlik və Çin təsiri ilə bağlı mübahisələri yenidən alovlandırıb.
TikTok ABŞ-da 170 milyondan çox istifadəçiyə malikdir. Tramp platformaya uzun müddətdir simpatiya göstərir və onu 2024-cü ildə Kamala Harris üzərində qələbəsinin əsas faktorlarından biri hesab edir. Onun seçki kampaniyası dövründəki şəxsi hesabı @realdonaldtrump 15 milyondan çox izləyici toplamışdı. İndi isə yeni rəsmi kanal – @whitehouse – daha geniş auditoriyaya çıxmaq üçün yaradılıb.
İlk paylaşımında “Amerika, biz geri döndük! Nə var, TikTok?” yazısı ilə çıxış edən Tramp gənclərə müraciət edərək: “Mən sizin səsinizəm” deyib.
Ağ Evin mətbuat katibi Karolayn Livitt administrasiyanın məqsədini belə izah edib: “Trampın tarixi uğurlarını mümkün qədər çox insana və daha çox platformada çatdırmaq istəyirik”.
Lakin Vaşinqtonda bu addım birmənalı qarşılanmayıb. Xatırladılıb ki, 2024-cü ildə Konqres TikTok-un ABŞ-da 2025-ci il yanvarın 19-dək fəaliyyətini dayandırmağı tələb edən qanun qəbul edib – əgər ByteDance tətbiqi amerikalı investorlar qarşısında satmasa. Tramp prezidentliyinin ikinci dönəminə başlayandan sonra bu müddəti üç dəfə uzadıb – əvvəlcə aprelin, sonra iyunun, sonda isə sentyabrın sonuna.
Tənqidçilər bunu milli təhlükəsizlik risklərinin nəzərə alınmaması kimi qiymətləndirirlər. ABŞ kəşfiyyatının fikrincə, TikTok Çinin məlumat toplaması və ictimai rəyə təsir göstərməsi üçün potensial alət ola bilər.
Bütün qalmaqallara baxmayaraq, Ağ Ev gənc seçicilərə təsir etmək və ənənəvi medianı üstələmək üçün TikTok-u əsas vasitələrdən biri kimi görür. Tramp isə riskləri aradan qaldırmaq üçün ABŞ investorları ilə razılaşma üzərində danışıqları davam etdirir.





