İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 30-dan oktyabrın 1-dək Azərbaycanda ikigünlük rəsmi səfərdə olacaq. Bu barədə məlumat İtaliya Prezidentinin mətbuat xidmətindən verilib. Prezident Mattarella səfər çərçivəsində ölkəmizin yüksək vəzifəli şəxsləri ilə görüşərək iki dövlət arasında əməkdaşlıq perspektivlərini müzakirə edəcək.
Səfərin proqramına əsasən, oktyabrın 1-də Sercio Mattarella ADA Universitetində fəaliyyət göstərən və İtaliyanın bir neçə aparıcı universiteti ilə birgə təşkil olunmuş İtaliya-Azərbaycan Universitetinin Bakı kampusunu ziyarət edəcək. Bu, ölkələr arasında təhsil və mədəniyyət əlaqələrinin inkişafının göstəricisi kimi böyük önəmə malikdir.
Prezident həmçinin Şəhidlər xiyabanını ziyarət edib Azərbaycanın müstəqilliyi uğrunda canından keçənlərə ehtiramını bildirəcək və Azərbaycanda yaşayan italyan icması ilə görüşmələri nəzərdə tutulur.
Bu səfər Azərbaycan-İtaliya münasibətlərinin daha da dərinləşməsinə, müxtəlif sahələrdə, xüsusilə təhsil, mədəniyyət və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcək.





