EvCəmiyyətAzərbaycanda çevik iş vaxtı necə tətbiq olunacaq? Planlaşdırılan model açıqlandı

Azərbaycanda çevik iş vaxtı necə tətbiq olunacaq? Planlaşdırılan model açıqlandı

Azərbaycanda yaxın illərdə əmək bazarında mühüm yeniliklərdən biri kimi çevik iş vaxtı modellərinin tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə tədbirlər Prezident İlham Əliyevin təsdiq etdiyi 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı çərçivəsində reallaşdırılacaq. Sənədə əsasən, əvvəlcə beynəlxalq təcrübə öyrəniləcək, daha sonra qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər hazırlanacaq və yekunda çevik iş vaxtı modelləri mərhələli şəkildə tətbiq ediləcək.

Tədbirlər Planında qeyd olunur ki, bu proses əmək bazarının müasir tələblərə uyğunlaşdırılması, məşğulluğun artırılması və işçilərlə işəgötürənlər arasında daha çevik əmək münasibətlərinin formalaşdırılmasına xidmət edəcək. Tədbirlərin icrasının əlaqələndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub, monitorinq və qiymətləndirməni isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Çevik iş vaxtı nə deməkdir?

Çevik iş qrafiki işçiyə qanunvericilikdə müəyyən edilmiş gündəlik və ya həftəlik iş saatını qorumaq şərti ilə işə başlama və işdən çıxma vaxtını müəyyən həddə qədər özü seçmək imkanı verir. Bu sistem adətən iki hissədən ibarət olur.

Birinci hissə sabit iş vaxtıdır. Bu müddətdə bütün əməkdaşların iş yerində olması tələb olunur. Məsələn, saat 11:00-dan 16:00-dək bütün kollektivin iş başında olması nəzərdə tutula bilər.

İkinci hissə isə çevik vaxt intervalıdır. Bu modeldə əməkdaş iş gününə, məsələn, saat 08:00–11:00 aralığında başlaya və buna uyğun olaraq 16:00–19:00 arasında işi başa vura bilər. Əsas tələb həftəlik, məsələn, 40 saatlıq iş normasının tam yerinə yetirilməsidir.

Dünyada tətbiq olunan əsas çevik iş vaxtı modelləri

Beynəlxalq təcrübədə çevik iş qrafikinin müxtəlif formaları tətbiq olunur. Ən geniş yayılmış modellər bunlardır:

  1. “Əsas saatlar” (Core Hours) modeli – Bu sistemdə günün müəyyən hissəsində bütün əməkdaşların iş yerində olması məcburidir. Məsələn, saat 11:00–15:00 aralığında bütün kollektiv ofisdə olur, qalan iş saatlarını isə əməkdaş özü planlaşdırır. Beşgünlük, 40 saatlıq iş həftəsində bunun təxminən 20 saatı ümumi iş vaxtına, qalan 20 saatı isə işçinin seçiminə uyğun formalaşır.
  2. “Sıxlaşdırılmış iş həftəsi” (Compressed Hours) – İşçi həftəlik 40 saatlıq normanı beş gün deyil, dörd gün ərzində tamamlayır. Bunun üçün gündəlik iş saatları artırılır və nəticədə əməkdaş ardıcıl üç gün istirahət etmək imkanı qazanır.
  3. “İş bölgüsü” (Job Sharing) – Bu modeldə tam ştat üzrə nəzərdə tutulmuş bir vəzifə iki və ya daha çox əməkdaş arasında bölüşdürülür. İşçilər öz aralarında razılaşdırılmış qrafik əsasında eyni vəzifənin öhdəliklərini birlikdə yerinə yetirirlər. Bu yanaşma xüsusilə yarımştat işləmək istəyən şəxslər və işəgötürənlər üçün çevik həll hesab olunur.

Bu modellər artıq Finlandiya, Böyük Britaniya, Almaniya və bir sıra digər ölkələrdə uğurla tətbiq edilir. Azərbaycanda isə ilkin mərhələdə beynəlxalq təcrübənin öyrənilməsi, daha sonra normativ-hüquqi bazanın hazırlanması və sonda çevik iş vaxtı modellərinin tətbiqi nəzərdə tutulur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər