2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əməkhaqqı fondunun şəffaflaşması və muzdlu işçi sayının artması fonunda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 661,4 milyon manatdan çox olub. Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 12 faiz və ya 455,8 milyon manat çoxdur.
Xüsusilə qeyri-büdcə təşkilatlarında daxilolmalar 13 faiz artaraq 3 milyard 113,2 milyon manatdan artıq məbləği təşkil edib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 10,9 faiz artaraq 164,9 milyon manata yüksəlib və bu sahədə də qeyri-büdcə təşkilatları 12,2 faiz artımla 126,1 milyon manat təmin edib.
Eyni dövrdə icbari tibbi sığorta üzrə də daxilolmalar 10,3 faiz artaraq 814,3 milyon manat olub, qeyri-büdcə təşkilatları üzrə isə bu artım 9,9 faizə bərabər olaraq 576,8 milyon manatı əhatə edir.
Bu artımlar sosial müdafiə sisteminin gücləndirilməsi və iqtisadi stabilliyin təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.





