“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün bölmələri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8-dən 11-dək davam edəcək qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ADY-dən verilən məlumata görə, sərnişin və yüklərin vaxtında daşınmasını təmin etmək məqsədilə bütün nəqliyyat vasitələrinə texniki baxış keçirilir, reyslər üzrə mütəmadi yoxlamalar və reydlər aparılır.
Artan tələbatı ödəmək üçün 7-11 noyabrda Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təşkil olunub. Bu marşrutda qatarlar Bakıdan saat 08:30-da, Ağstafadan isə 17:20-də hərəkət edəcək.
Əlavə olaraq, 10-11 noyabr istirahət günləri nəzərə alınaraq Bakı–Qazax–Bakı xəttində də qatarlara əlavə reyslər əlavə olunub. Bu istiqamətdə qatarlar Bakıdan 07:45-də, Qazaxdan isə 16:40-da yola çıxacaq. Müasir qatarlar bu xətt üzrə hər gün ənənəvi qrafiklə fəaliyyət göstərəcək.
2025-ci ilin avqustunda 32 ildən sonra bərpa edilən Bakı–Ağdam–Bakı marşrutunda da 9 noyabrda əlavə reyslər reallaşacaq. Bu xətt üzrə qatarlar Bakıdan 07:10, Ağdamdan 18:20-də hərəkət edəcək.
Qəbələ istiqamətində də noyabrın 8-11 tarixlərində əlavə reyslər nəzərdə tutulub. Bu marşrutda qatarlar Bakıdan 07:30-da, Qəbələdən isə 19:00-da yola çıxacaq. Həftəsonları iki mərtəbəli müasir qatarlar ənənəvi qrafiklə səfər edəcək.
Bakı–Balakən–Bakı xəttində tələbata uyğun olaraq vaqon sayı artırılacaq. Noyabrın 7-də Bakıdan Balakənə hərəkət edən qatara 7 əlavə vaqon, 9 və 10 noyabrda isə Balakəndən yola düşən qatarlara əlavə vaqonlar qoşulacaq.
Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəlinə uyğun təşkil ediləcək.





