Azərbaycanda istilik qurğularının quraşdırılması prosesini tənzimləyən yeni qaydalar qüvvəyə minib. Energetika naziri Pərviz Şahbazovun imzaladığı qərarla təsdiqlənən sənəd qazanxanaların, qaz-hava yollarının və tüstü borularının quraşdırılması zamanı təhlükəsizlik, tikinti və texniki normalara riayət edilməsini nəzərdə tutur. Yeni tələblər “İstilik təchizatı haqqında” Qanunun icrası çərçivəsində hazırlanıb və istilik sistemlərinin daha təhlükəsiz istismarına xidmət edir.
Qaydalara əsasən, qazanxana qurğuları yalnız təsdiq edilmiş layihə sənədlərinə uyğun şəkildə quraşdırılmalıdır. Eyni zamanda, yanğın və partlayış təhlükəsizliyi, sanitariya normaları, istehsalçının texniki göstərişləri və istifadə olunan avadanlıqlara dair tələblər tam şəkildə təmin edilməlidir. Qurğular istismara verilməzdən əvvəl təhlükəsizlik tədbirləri həyata keçirilməli, bütün sistemlər kiplik sınağından keçirilməlidir.
Qazanxanalar və tüstü boruları üçün əsas tələblər
Yeni sənəddə qazanxanaların quraşdırılması ilə bağlı aşağıdakı əsas şərtlər müəyyən edilib:
- tikinti layihələrinə və şəhərsalma normalarına uyğun quraşdırılmalıdır
- yanğın və partlayış təhlükəsizliyi qaydalarına əməl olunmalıdır
- avadanlıq istehsalçının texniki tələblərinə uyğun seçilməlidir
- işə salınmadan əvvəl təhlükəsizlik tədbirləri görülməli və kiplik yoxlanışı aparılmalıdır
Qaz-hava yolları və tüstü borularının quraşdırılması zamanı isə AzDTN 2.12-1 norma və qaydalarının tələbləri əsas götürüləcək. Boruların diametri və uzunluğu qazanın gücünə və istifadə olunan yanacaq növünə uyğun hesablanmalı, daxili səthlər hamar olmalı və hava axınına maneə yaradan çıxıntılar olmamalıdır. Bundan əlavə, keçid yerlərində yanmayan materiallarla izolyasiya təmin edilməli, texniki baxış üçün lyuk və baxış pəncərələri quraşdırılmalı, çıxış hissələri isə yağış, qar və küləyin təsirindən qorunmalıdır.
Təhlükəsizlik tələbləri gücləndirilir
Yeni qaydalara əsasən, qaz-hava yolları və tüstü borularının bütün birləşmələri quraşdırma başa çatdıqdan sonra hava sızmasına qarşı sınaqdan keçirilməlidir. Həmçinin tüstü borularının yaxınlığında elektrik kabellərinin, yanacaq xətlərinin və digər yanar elementlərin yerləşdirilməsinə icazə verilməyəcək. İşıq maneələrinin idarə edilməsi isə “Elektrik qurğularının quraşdırılması Qaydaları”na uyğun şəkildə təşkil olunmalıdır.
Qeyd edək ki, son aylarda istilik təchizatı sahəsində bir sıra yeni normativ sənədlər qəbul olunub. Bunlar istilik enerjisindən istifadə, istilik qurğularının təhlükəsiz istismarı və quraşdırılması ilə bağlı vahid tələblərin formalaşdırılmasına, həmçinin yaşayış və qeyri-yaşayış obyektlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə yönəlib.





