Azərbaycanın dövlət şirkəti “AzerGold” yeni “Zəfər” adlı qızıl sikkə kolleksiyasını təqdim edib. Bu xatirə kolleksiyası Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında keçən 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illik yubileyinə həsr olunub.
“Zəfər” kolleksiyası Azərbaycan xalqının birliyini və iradəsini, Vətən uğrunda mübarizə aparan qəhrəman oğullarımızın şücaətini, həmçinin dövlətimizin ərazi bütövlüyünün bərpasını və müdrik siyasətin uğurlarını simvollaşdırır. Sikkənin əsas elementini Vətən Müharibəsi Memorial Kompleksinin mərkəzi olan Zəfər Tağı təşkil edir. Bu abidə xalqımızın Qələbəyə aparan simvolik yolunu təmsil edir. Sikkədə 44 ədəd sütun Vətən müharibəsinin 44 gününü ifadə edir, həmçinin azad edilmiş torpaqlarda bərpa olunan tarixi köklərlə birgə gələcəyimizi əks etdirir.
Sikkənin üzərində yer alan “8” rəqəmi Prezident, xalq və ordunun birliyi ilə tarixə düşən 8 Noyabr – Zəfər Gününü təcəssüm etdirir. Səkkizguşəli ulduz ornamenti isə əldə olunan Qələbənin əzəmətini və əbədi simvolunu vurğulamaq üçün sikkəyə haşiyə kimi əlavə olunub.
“Zəfər” qızıl sikkə kolleksiyası “AzerGold”un artıq 19-cu məhsulu olub. Hər çeşid üzrə 200 ədəd limit daxilində hazırlanmış bu sikkələr 5, 10, 20 qram və 1 unsiya çəkilərində təqdim edilir. Kolleksiya Bakı şəhərində, Səbail rayonu, Bülbül prospekti 3 ünvanındakı Satış və Mübadilə Mərkəzində, həmçinin www.azergold.gift platformasında alıcıların ixtiyarına verilib.






