Məktəblərdə bullinq problemi hələ də bir çox uşağın üzləşdiyi ən ciddi psixoloji təzyiqlərdən biri olaraq qalır. Mütəxəssislər bildirirlər ki, uşaqların böyük hissəsi yaşadıqları zorakılıq və təhqirlər barədə valideynlərinə danışmaqdan çəkinir. Bunun əsas səbəbləri arasında qorxu, utanc hissi və böyüklərin onları anlamayacağı düşüncəsi yer alır.
Bullinq üzrə ekspert Alyona Krivulyak hesab edir ki, bəzi hallarda valideynlərin məsələyə laqeyd yanaşması uşaqların daha da qapanmasına səbəb olur. Onun sözlərinə görə, böyüklər bu problemi “adi məktəb mübahisəsi” kimi qəbul etdikdə uşaq da yardım istəməyin faydasız olduğunu düşünür.
“Bullinq adi konflikt deyil”
Ekspert vurğulayır ki, bir çox valideyn uşağa “səbir et”, “fikir vermə” və ya “məktəb qurtaranda hər şey keçəcək” kimi məsləhətlər verir. Bu yanaşma isə uşağın özünü tək hiss etməsinə gətirib çıxara bilər.
Krivulyakın fikrincə, uşaqlar bəzən problemi təkbaşına həll edə biləcəklərinə inanırlar. Lakin bullinq adi konflikt hesab olunmur:
“Konflikt zamanı tərəflər problemi öz aralarında həll etməyə çalışa bilər. Bullinq isə uşağın hüquqlarının pozulmasıdır və burada mütləq böyüklərin müdaxiləsi lazımdır”.
Valideyn necə davranmalıdır?
Psixoloqlar valideynlərə uşağın dediyi hər bir məsələyə ciddi yanaşmağı tövsiyə edir. Ən vacib məqamlardan biri evdə təhlükəsiz və etibarlı ünsiyyət mühiti yaratmaqdır.
Ekspert qeyd edir ki, uşaq bilməlidir: onu dinləyən, mühakimə etməyən və qoruyan bir valideyni var. Bu halda uşaqlar yaşadıqları problemləri gizlətmək əvəzinə, daha rahat şəkildə paylaşmağa başlayırlar.
Mütəxəssislər hesab edir ki, erkən müdaxilə bullinqin yaratdığı psixoloji travmaların qarşısını almaqda mühüm rol oynayır.





